19:29, 17 İyul 2018 (Çərşənbə axşamı) 252

Bakının baş planının hazırlanmasına başlanıb

Bakının baş planının hazırlanmasına başlanıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının baş planının hazırlanmasına başlayıb.

"Azadlıq Radiosu"nun xəbərinə əsasən. baş planın ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə dünyadakı ən nüfuzlu üç strateji məsləhətçi şirkətdən biri – "The Boston Consulting Group şirkətini işə cəlb edib.

Adıçəkilən şirkətin son dövrdə Moskva, Kiyev, Pekin, Stokholm, Boston, Nyu-York kimi böyük şəhərlər üçün belə layihələr reallaşdırdığı qeyd edilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatında bildirilir ki, Bakı şəhərinin baş planının hazırlanmasını iki mərhələdə reallaşdırılması planlaşdırılır. 
Birinci mərhələdə paytaxtla bağlı indiyədək hazırlanmış bütün səhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən "Böyük Bakının Regional İnkişaf Planı» və «Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı" layihələrinin təhlili nəzərdə tutulur.

İkinci mərhələdə isə şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının yekunlaşdıralacağı deyilir.

Dövlət orqanları ilə razılaşdırıldıqdan və ictimai müzakirələrdən sonra isə baş plan təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim olunmalıdır.

Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, baş plan təsdiqləndiyi halda 20 il ərzində qüvvədə olacaq.