23:03, 19 Sentyabr 2017 (Çərşənbə axşamı) 243

Bakı Nəqliyyat Agentliyindən sürücünün döyülməsinə reaksiya - MÜSAHİBƏ

Bakı Nəqliyyat Agentliyindən sürücünün döyülməsinə reaksiya - MÜSAHİBƏ
Sentyabrın 18-də 135 saylı marşrut xətti ilə hərəkət edən avtobus sürücüsünün döyülmə anı sosial şəbəkələrdə böyük əks-səda doğurub. 

Belə ki, sərnişinlərin avtobusa orta qapıdan minməsinə irad bildirən sürücü Qüdrət Kərimov sərnişinlərdən biri tərəfindən döyülüb. Bundan əvvəl də avtobus sürücüləri sərnişinlər tərəfindən fiziki zorakılığa məruz qalmışdı. 

Bakı Nəqliyyat Agentliyindən məsələyə şərh bildirilib.

İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Toplum.Tv-nin suallarını cavablandırıb:

- Bakı Nəqliyyat Agentliyini olaraq bu olayla bağlı müvafiq qurumlara şikayət etmisiniz?

- Məsələnin araşdırılması, günahkar şəxslərin tapılaraq məsuliyyətə cəlb olunması ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin19-cu polis bölməsinə müraciət olunub. Hazırda istintaq aparılır.

- Oxşar hadisələrin baş verməsinin qarşısını almaq üçün hansı tədbirləri görməyi planlayırsınız?

- İctimai nəqliyyatda sürücü-sərnişin münasibətlərinin qorunması, bu cür xoşagəlməz halların qarşısının alması məqsədilə bir neçə istiqamətdə iş aparırıq. Əsas istiqamət isə sürücülərin peşəkarlığının artırılması ilə bağlıdır. Belə ki, 1 aydır sürücü təlim mərkəzində ictimai nəqliyyatda çalışan sürücülər nəzəri və praktiki təlimlərə başlayıblar. Bu təlimlərin sonunda sürücülər xüsusi sertifikasiyadan keçərək sertifikat alacaqlar. Sertifikatı ala bilməyən şəxslərlə artıq yolları ayırmalı olacağıq. Qeyd edim ki, paytaxtın inzibati ərazisindəki müntəzəm marşrut xətlərində çalışan bütün sürücülər bu təlimlərə cəlb ediləcək. Eyni zamanda sərnişinlərin maarifləndirilməsinə xidmət edəcək "İctimai nəqliyyatda etik davranış qaydaları” adlı kitabça hazırlanıb. Növbəti ayda orta məktəblərdə təlimlər keçirərək bu kitabçaların şagirdlərə paylanmasını planlayırıq. Kitabçada qeyd olanan qaydalar böyüklər üçün də xüsusilə faydalıdır. Bundan başqa, sosial şəbəkələrdə, dayancaqlardakı monitorlarda da sərnişinlərin maarifləndirilməsi üçün addımlar atırıq. 

- Avropada ictimai nəqliyyat sürücüləri üçün avtobuslarda xüsusi kabinlər nəzərdə tutulub. "Bakubas"larda bu metoddan istifadə olunur. Digər avtobuslarda bu kabinləri yaratmağı düşünürsünüzmü?

- Köhnə avtobuslarda kabinələr istehsalçı tərəfindən nəzərdə tutulmayıb. Lakin biz nəqliyyat vasitələrinin yenilənməsi ilə bağlı şirkətlərin qarşına tələb qoymuşuq. Hazırda yeni nəqliyyat vasitələri alınıb gətirilmədiyi üçün kabinələrlə bağlı məsələ həllini tapmayıb. Bugünlərdə daşıyıcılar Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən yalnız nəqliyyat vasitələrini əsaslı təmir edə biliblər. Bu təmir nəticəsində də 700-ə yaxın avtobus təmir olunaraq, sərnişinlərin istifadəsinə verilib. Gələcəkdə yeni nəqliyyat vasitələrinin gətirilməsi nəzərdə tutulub, yalnız bundan sonra kabinə problemi tam şəkildə öz həllini tapacaq. 

- 135 saylı marşrut xəttinin sürücüsü Qüdrət Kərimovun nümunəvi davranışından sonra ona xüsusi təşəkkür ediləcək?

-Yəqin ki, daşıyıcı tərəfindən stimullaşdırıcı tədbirlər görüləcək. Sürücü dünən xəstəxada olub və onun zədələnən yerlərinə tikişlər qoyulub. Hazırda evdə dincəlməkdədir, ona müalicədən sonra istirahət üçün icazə verilib”.

Ofelya Ramilqızı
Toplum.Tv