20:13, 11 Dekabr 2017 (Bazar ertəsi) 144

“Bakı Metropoliteni”ndən işçilərin ixtisari ilə bağlı açıqlama

“Bakı Metropoliteni”ndən işçilərin ixtisari ilə bağlı açıqlama
"Bakı Metropoliteni” QSC-nin yeni metro stansiyalarının tikintisi ilə məşğul olan Tikinti Departamentində iş həcmi azaldığından işçilərin sayının azaldılmasına zərurət yaranıb. 

"Report”un verdiyi xəbərə götə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, bununla əlaqədar qarşılıqlı razılaşma əsasında işçilər vəzifələrindən azad edilir:

"İşçilərə təklif olunur ki, onlara orta aylıq əmək haqqının 2 misli qədər kompensasiya ödənilsin və qarşılıqlı razılaşma əsasında işdən azad edilsinlər, özlərinə iş tapana qədər əllərində pul olsun. Gələcəkdə iş həcmi artarsa, yeni stansiyaların inşasına başlanarsa, yenə həmin adamlar işlə təmin ediləcək. Artıq 50 nəfər buna razı olub və kompensasiyasını alıb, gedir”.

N.Paşayevin həmçinin bildirib ki, Metropolitenin təklifi ilə razılaşmayanlar da var, onların sayı, təxminən, 10 nəfərdir: 

"Bu adamlar təklifi qəbul etmək istəmir və qanunvericiliyə uyğun olaraq, ştatda qala bilərlər. Amma onlara maaş ödənilməyəcək. Onu da deyim ki, bu, tarixən həmişə belə olub. Maliyyə vəsaiti azalanda metro tikintisində iştirak edən işçilərə bu təklif edilir, çünki iş yoxdur”.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, bu məsələdə işçilərin sosial vəziyyəti nəzərə alınır: 

"Şəhid ailələrinə, məcburi köçkünlərə xüsusi yanaşılır. Həmçinin əgər bir ailədən iki nəfər varsa, bunlardan biri işdə saxlanılır”.