10:18, 14 Avqust 2018 (Çərşənbə axşamı) 284

Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçir
Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Qurban bayramı ilə əlaqədar avqustun 15-dən 24-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, bayram ərəfəsində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

Hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə təxminən 10 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulub.

Sərnişinlərdən bayram günləri üçün səfər biletlərini bir neçə gün öncədən Avtovağzalın kassalarından, eləcə də onlayn qaydada 10 gün öncədən əldə etmələri xahiş olunur.