17:51, 14 Sentyabr 2018 (Cümə) 119

Azərbaycanlı futbol hakimlərinin yeni rəhbəri əcnəbidir

Azərbaycanlı futbol hakimlərinin yeni rəhbəri əcnəbidir
Azərbaycanın futbol tarixində ilk dəfə olaraq hakimlər komitəsinin sədri vəzifəsinə əcnəbi təyin edilib.

"Azərisport” saytının məlumatına görə, bu avstriyalı Frits Stuxlikdir. Qərar AFFA icraiyyə komitəsinin iclasında qəbul edilib.

Buna qədər komitəyə uzun illər Xəqani Məmmədov rəhbərlik edib.

55 yaşlı F.Stuxlikin karyerası 1982-ci ildə başlayıb və 10 il sonra Avstriya Bundesliqasına ilk təyinatını alıb. Burada o, 17 il hakimlik edib. F.Stuxlik 1994-2009-cu illərdə FİFA referisi olub.

Karyerası ərzində F.Stuxlik 89 beynəlxalq görüş və Avstriya Bundesliqasının 267 oyununu idarə edib. Son zamanlar o, Vyana futbol assosiasiyasında hakimlərə təlimlər də keçib. Bundan başqa, F.Stuxlik Avstriya Futbol İttifaqının katibi vəzifəsində çalışıb və bu ilin martında hər iki tərəfin razılığı ilə əməkdaşlıq sona çatıb.

"Azərisport” saytı qeyd edir ki, F.Stuxlikin Avstriya Futbol İttifaqında fəaliyyəti yerli mətbuatın birmənalı tənqidi ilə müşaiyət olunub. O, hakimlərin hazırlanması və təyinatına cavab verirdi.

"Federasiya 10 illər ərzində beynəlxalq oyunlara bir dənə də olsun avstriyalı hakimin təyin edilməsinə nail olmayan insanla əməkdaşlıq edib və nəticədə bizim hakimlik korpusunu uçuruma aparıb”. Bunu "Heute” nəşrinə adının çəkilməsini istəməyən avstriyalı hakimlərdən biri deyib.

Hakimlər F.Stuxlikin metodlarını despotik adlandırıblar.

"Hakimlərin çoxsu qorxudan səhvlərə yol verirlər. Heç kim, məsuliyyəti üzərinə götürüb, mübahisəli anlarda öz iradəsinə güvənən qərarlar vermir. Hamı Stuxlikdən qorxur”, 2015-ci ildə SportProphet nəşri yazıb.

Xəqani Məmmədov uzun illərdir hakimlər komitəsinə rəhbərlik edirdi və bu dövrdə mətbuat və ekspertlər tərəfindən dəfələrlə tənqidə məruz qalıb.

Azərbaycanın futbol tarixində bir dəfə oyunlardan birinin idarə olunması əcnəbi hakimə tapşırılıb.

2004/2005-ci illər mövsümündə Neftçi və Xəzər-Lənkəran klubları çempionatda eyni sayda xal topladıqları üçün (78 xal) AFFA-nın qərarı ilə turnirin qalibini müəyyən etmək üçün qızıl oyun keçirildi. 2005-ci-ci ilin 10 iyun tarixində Gəncədə keçirilən oyuna, hakimlərin qərəzliliyi barədə istənilən mübahisənin əvvəlcədən qarşısını almaq üçün isveçrəli Karlo Bertolini və onun rəhbərlik etdiyi briqada matça təyinat aldı. Həmin oyunda Neftçi 2:1 hesabı ilə qalib gələrək Azərbaycan çempionu oldu.