14:57, 12 Oktyabr 2017 (Cümə axşamı) 61

Azərbaycanın adı Qlobal Aclıq İndeksində

Azərbaycanın adı Qlobal Aclıq İndeksində
Azərbaycan 2017-ci il Qlobal Aclıq İndeksində 119 ölkə içində 9.6 bal toplayıb. Bu, ötən ilə baxanda irəliləyiş deməkdir.

2016-cı ildə Azərbaycan 118 ölkə arasında 9.8 bal toplamışdı. Siyahıya görə, Azərbaycanda 2016-cı ildə xroniki aclıqdan əziyyət çəkənlər əhalinin 1.7 faizini təşkil edirdi.

Hesabatdan Rusiya (6.2), İran (7.6), Ermənistan (7.7) və Gürcüstanın (7.7) durumunun Azərbaycandan yaxşı olduğu görünür.

İndeksi Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutu (IFPRI), "Concern Worldwide” və "Welthungerhilfe” təşkilatları oktyabrın 12-də açıqlayıblar.

Bildirilir ki, dünyada aclığın miqyasının azaldılması üzrə uzunmüddətli proqres əldə olunub. Ancaq yenə də milyonlarla insan xroniki aclıqdan, bəzi yerlərdə kəskin ərzaq böhranından əziyyət çəkir.

"Dünyada acların 60 faizi qadınlar və qızlardır. Bu mənzərənin kökləri onların sosial struktura, qadınların təhsilə, tibbi xidmətə, resurslara çıxışının olmamasına gedib çıxır. Eynilə, etnik azlıqlar da ayrıseçkiliklə üzləşir, yoxsulluq və aclıq görürlər”.

İndeks xroniki aclığın, körpə ölümünün, uşaqlarda çəkidən qalmanın (boyuna görə) və inkişaf (yaşına görə) ləngliyinin göstəricilərinə əsasən müəyyən olunur.

Ümumilikdə 2000-ci ildən bəri dünyada aclıq səviyyəsi 27 faiz azalıb. Aclıqdan ən çox əziyyət çəkən ölkələr Yəmən, CAR, Çad, Liberiya, Madaqaskar, Syerra-Leone, Sudan və Zambiyadır. Bu ölkələrin çoxunda son onilliklər ərzində siyasi böhran və münaqişələr baş verib.

"Azərbaycanda 2014-2016-cı illərdə xroniki aclıqdan əziyyət çəkənlər əhalinin 1.2 faizini təşkil edib. 2012-2016-cı illərdə yaşı 5-dən aşağı olan uşaqların 3.1 faizində boyuna görə çəki azlığı, 18 faizində isə yaşına görə inkişaf ləngliyi müşahidə olunub. Uşaq ölümünün göstəricisi isə 3.2 faiz olub”.

Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutu aclıq indeksini hər il hazırlayır. Məqsəd aclıqla qlobal şəkildə, eləcə də ayrı-ayrı region və ölkələrdə hərtərəfli mübarizə aparmaq, görülməli tədbirlərin istiqamətlərini müəyyənləşdirməkdir. Təşkilat bu sahədəki tədbirlərin nəticələrini – uğurları və uğursuzluqları vurğulamaqla aclığın səviyyəsinin azalmasına çalışır.

Azərbaycan ən son açıqlanan Qlobal Ərzaq Təhlükəsizliyi indeksi üzrə isə 113 ölkə arasında 57-cidir.

"The Economist İntelligence Unit” beynəlxalq təşkilatının məlumatına görə, Azərbaycan 100-dən 57,1 bal toplayıb. Bu göstərici ilə Misir və Vyetnamla qonşudur. Postsovet məkanında (Baltikyanı ölkələr istisna olmaqla) Belarus liderdir. Bu ölkə 46-cı yerdə qərarlaşıb.

Meydan Tv