16:20, 01 Dekabr 2018 (Şənbə) 405

Azərbaycandakı gürcüstanlılar niyə Vaşadzeni dəstəkləyiblər?

Azərbaycandakı gürcüstanlılar niyə Vaşadzeni dəstəkləyiblər?
Deputat:  "Azərbaycan üçün əhəmiyyətli olan qonşu dövlətdə seçkilərin demokratik keçirilməsidir”

Noyabrın 28-də Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib. 

Azərbaycanda yaşayan Gürcüstan vətəndaşları da bu ölkənin Bakıdakı səfirliyində səs veriblər. 

Səfirliyin məlumatına görə, Azərbaycanda səs vermiş Gürcüstan vətəndaşlarının böyük əksəriyyəti Qriqol Vaşadzeni dəstəkləyib. 

"Onlar mövcud düzənin davamına qərar verdilər”

Siyasi şərhçi Şahin Cəfərli deyir ki, təkcə Azərbaycanda deyil, əksər ölkələrdə Gürcüstan vətəndaşları müxalifət namizədinə üstünlük veriblər: "Ümumən xarici seçki dairəsi üzrə Qriqol Vaşadze qalib gəlib. Bunun əsas səbəbi odur ki, ölkə xaricinə iş və digər səbəblərlə miqrasiya edən insanların əksəriyyəti, adətən, narazılar olur. Onlar öz vətənlərində həyatlarını  istədikləri, arzu etdikləri kimi qura bilmirlər”.

"Vətəni tərk etmək heç kim üçün asan qərar deyil. Sosial-iqtisadi səbəblərdən bu cür qərar qəbul etmək zorunda qalanlar, əlbəttə ki, iqtidardakı qüvvədən məmnun ola bilməz. Diplomatlar və onların ailələrindən başqa Azərbaycandakı Gürcüstan vətəndaşlarının əksəriyyəti buraya iş dalınca gəliblər və əsasən xidmət sahəsində çalışırlar”, - deyə Şahin Cəfərli açıqlayıb.

"Onlar vətəndə daha çox pul qazanmaq imkanına sahib olsaydılar, Gürcüstanı tərk etməzdilər. Ona görə də həmin adamların Vaşadzeyə səs verməsi təbiidir. Amma gördük ki, ölkə daxilində çoxluq fərqli düşünür. Onlar köhnə Saakaşvili komandasının qayıdışına deyil, mövcud düzənin davamına qərar verdilər”, - deyə siyasi şərhçi əlavə edib.
 
"Demokratik bir dövlətdə  belə şey mümkün deyil”

Politoloq Zərdüşt Əlizadə də hesab edir ki, xaricdə yaşayan gürcülərin əksəriyyəti Saakaşvilinin tərəfindədir: "Xarici ölkələrdə geniş dünyagörüşü olan gürcülər yaşayır. Onlar öz ölkələrinə də xaricdən baxırlar. Dünyada Gürcüstanın ad-sanının necə olduğunu çox gözəl bilirlər. Anlayırlar ki, Gürcüstana hörmət Saakaşvilinin fəaliyyəti nəticəsində artdı. Ona görə də onlar Vaşadzeni dəstəkləyirlər”.

"Bu, adi bir haldır. Zurabişvili ona görə səs qazandı ki, hökumət onun tərəfində idi. Demokratik bir dövlətdə isə belə şey mümkün deyil. Lakin söhbət Gürcüstandan gedir. Burada ictimai rəyə o qədər də önəm verilmir. Amma dünyanın sonu deyil. 3 ildən sonra parlament seçkiləri olacaq. O zaman müxalifət yenidən öz seçimini edəcək”, - deyə Zərdüşt Əlizadə əlavə edib. 

"Azərbaycan tərəfi gürcü xalqının seçiminə hörmətlə yanaşır”

Deputat Aydın Mirzəzadə düşünür ki, bu məsələni gürcü xalqının özündən soruşmaq lazımdır: "Səbəbi gürcü ekspertlər özləri araşdırsalar, daha yaxşı olar. Bu, gürcü cəmiyyətinin daxili işidir”.

Deputat bildirib ki, Azərbaycan tərəfi gürcü xalqının seçiminə hörmətlə yanaşır. Bundan sonra da iki dövlət arasında münasibətlərin daim yüksəkdə olacağına inanır: "Azərbaycan üçün əhəmiyyətli olan qonşu dövlətdə seçkilərin demokratik keçirilməsidir”.
 
Noyabrın 28-də Salome Zurabişvili prezident seçkilərinin ikinci turunda 59,52 faiz səs toplayaraq qalib gəlib. Yeni prezidentin andiçmə mərasimi dekabrın 16-ı baş tutacaq.

Nigar Mübariz
Toplum.Tv