Sosial

"Azərbaycanda təhsilhaqqı dünyanın 1000 universitetindən bahadır"

3 Avqust, 2018
2234
Artıq Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları da başa çatdı. 

Bundan sonra  ixtisas qrupları üzrə ərizə qəbulu, ixtisas seçimi dövrü başlayır.

Keçid balını keçən və həmçinin, yüksək bal toplamış abituriyentlər oxuyacaqları universiteti, fakültəni xəyal edir, gələcək planlarını qururlar. Eyni zamanda da il boyu boğazlarından kəsib övladlarının ali məktəbə hazırlıq dövrünə xeyli pul tökən valideynlər də nəfəs almamış bundan sonrakı vəziyyəti götür-qoy etməyə başlayıblar. Yüksək bal toplayan, ödənişsiz şəkildə təhsil alacaq tələbələrlə yanaşı yüksək illik haqları ilə həmin universitetlərdə, həmin fakültələrdə oxuyacaq tələbələr də az olmayacaq. Bir sıra gənclər isə ödəyə bilməyəcəyi təhsil haqqına görə ya 1 ilindən də keçib universitetə hazırlaşacaq, ya da universitet xəyallarına birdəfəlik vida etməli olacaqlar. 

Təbii ki, gələcəyini düşünən hər bir gənc ali məktəbdə oxumağı istəyir. Ələxsus da, hər bir valideynin arzusudur ki, övladları "tələbə" adını qazansın. Lakin təəssüf ki, həmişə istəklərlərlə imkanlar üst-üstə düşmür. Ölkəmizin minumum (130 AZN) və orta aylıq məvacibinə (488,1 AZN) nəzər salsaq, əksər ailələr övladlarını ya ali məktəblərdə oxuda bilmir, ya da borc-xərcə düşüb bir təhər illik haqqını toplayıb övladının xəyalını gerçəkləşdirə bilir.

Hazırda ölkəmizdəki dövlət universitetlərindəki ən aşağı illik təhsil haqqı 1000 AZN, ən yüksək illik təhsil haqqı isə 6500 manatdır. 

Son illərdə bəzi dövlət univetsitetlərinin ixtisaslarının illik təhsil haqlarında artım müşahidə olunur. Məsələn, 2017-2018-ci tədris ili üçün ötən illə müqayisədə ADPU, BDU, UNEC, Xəzər Universiteti və bu kimi bir sıra universitetlərdə təhsil haqqlarında artım müşahidə olunur.

Universitetlərdə hər il  təhsil haqları niyə artır? 

Təhsil üzrə ekspert Kamran Əsədov Toplum Tv-ə bildirir ki, ali məktəblərdə təhsil haqları kadr hazırlığı üçün həyata keçirildiyi ixtisaslar üzrə sərf olunan xərclər smetası əsasında müəyyən olunur: "Bir il ərzində tədris olunan fənlərə görə müəllimlərə ödəniləcək əmək haqqı, sərf olunacaq bütün resurslar hesablanaraq təhsil haqqı müəyyən olunur. Tələbənin təhsil müəssisələrinə ödənilməsi nəzərdə tutulan təhsil haqqına hətta universitetin saxlanması üçün nəzərdə tutulan, layihələrin həyata keçirilməsi üçün zəruri olan xərclər də daxildir".

Qiymət və keyfiyyət fərqi...

 Ekspert Kamran Əsədov  illik ödənişlərin yüksək olmasının səbəblərinə də aydınlıq gətirdi: "Bir ixtisas qrupu daxilində yeni yaradılmış ixtisasların təhsil haqları qrup daxilində digər ixtisaslar üzrə plan yerlərinə təsir göstərir. Yəni yeni ixtisasın plan yeri və təhsil haqqı çoxdursa, bu digər ixtisasların təhsil haqqı və plan yerinə təsir göstərir.Xarici ölkələrdə fəaliyyət göstərən universitetlərdə isə bu adambaşına düşən xərclər smetası əsasında müəyyən edilir. Məhz buna görə də Azərbaycan universitetlərinin təhsil haqqı dünyanın 1000 universitetindən bahadır. Keyfiyyət isə onlardan dəfələrlə aşağıdır".

Ekspert təəssüflə qeyd edir ki, son 7 il ərzində 5 mindən çox tələbənin təhsil haqlarını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub. Bunun səbəbi kimi Kamran Əsədov təhsil haqlarının kifayət qədər yüksək olmasında görür. 

Xaricdə təhsilə tələbat

 Ekspert Kamran Əsədov Azərbaycanın illik təhsil ödənişləri ilə xarici ölkələrin illik təhsil ödənişlərini də müqayisə etdi: "Nəzərə alsaq ki, Azərbaycan gəncləri daha az təhsil haqqı ödəməklə qonşu ölkələrdə daha yüksək təhsil ala bilərlər, bu zaman biz böyük sayda insanın xaricə üz tutmasına şərait yaratmış oluruq. Təhsil haqları müəyyən olunarkən istər Nazirlər Kabineti, istərsə də Universitetlər təkcə sərf olunan xərcləri düşünməməlidirlər. Onlar həmən o qədər yüksək məbləğdə vəsait ödəyib təhsil alan tələbələrin sonradan əmək bazarında iş tapması, alacağı əmək haqqını da nəzərə almalıdırlar. Təəssüf ki, tələbələrin təhsil aldıqları müddətdə ödədikləri təhsil haqlarını geri qazanmaq üçün indiki əməkhaqqı məbləği ilə 10 ilə qədər vaxt lazımdır”.

Rektorların əlavə qazanc sevdası


İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, universitetlərdə təhsil haqlarının artırılmasının  iqtisadi səbəblərini universitetlər açıqlamalıdırlar. Ekspert düşünür ki, təhsil haqlarının artırılması iqtisadi səbəblərdən çox ali məktəblərin rəhbərlərinin əlavə qazanc əldə etmək həvəsindən doğur.

O, bunu son dövrdə ali məktəblərin kommunal xərclərində ciddi dəyişikliklərin olmaması və eləcə də keyfiyyətlə bağlı Avropa reytinqlərinə çıxmaması ilə bağlı əlaqələndirir: "Avropa ölkələrində özəlliklə Almaniya, Fransa, İtaliya, Norveç, İsveç, Finlandiya kimi ölkələrdə qabiliyyəti olan hər bir şəxsə universitet tamamilə pulsuzdur. Gəlmə tələbələr üçün isə aylıq kampus ödənişi cüzi ( 150-200 Avro) miqdarındadır. Bu da ali təhsil almaq istəyən gənclərin sayının artmasına səbəb olur. Buna görə də Azərbaycanda ali məktəblərdə illik təhsil haqlarının artırılması məntiqsizlikdir. Əgər təhsil haqqı ilə bərabər təhsilin keyfiyyəti və beynəlxalq reytinq yüksəlsəydi, o zaman burada məntiq tapmaq olardı".

Monopoliya və özbaşınalıq



Təhsil üzrə ekspert Nabatəli Qulamoğlunun fikrincə isə ölkədə rəqabət bazarı deyil, monopoliyanın yaratdığı özbaşınalıq bazarı var: "Təhsil haqqı, məntiqə əsaslansaq, rəqabət bazarının tələbinə görə artmalıdır, yəni təhsil bazarında real rəqabət apara biləcək ali məktəblərin bazarda tutduğu mövqeyə görə müəyyənləşməlidir. Bu isə o deməkdir ki, kim yaxşı bilik verir, o da çox qazanır. Təəssüf ki, bizdə rəqabət bazarı deyil, monopoliyanın yaratdığı özbaşınalıq bazarı vardır. Belə özbaşınalıq olduqda isə dövlət təhsil haqlarına nəzarət etməlidir. Amma nəzarət etmir, çünki monopoliyanı yaradan məhz rəsmilərdir, dövlətin vacib strukturlarında məsul vəzifələr tutmuş şəxslər".

Milli Məclisin Elm və təhsil komitəsinin  üzvü, deputat Sona Əliyevanın verdiyi açıqlamaya görə təhsil haqlarının artırılması dərslərin keyfiyyətinin yaxşılaşması, texniki bazanın yenilənməsi üçündür. O bildirir ki, ümumilikdə təhsil haqlarının nələrə xərcləndiyini isə ali məktəblərin rəhbərləri açıqlamalıdırlar.

Təhsillə bağlı xərcləri necə sadələşdirmək olar?

İqtisadçı-ekspert Qubad İbadoğlu təklif edirki, hazırki yaşayış dövründə Azərbaycan Respublikasının "Təhsil haqqında" qanunun 38-ci maddəsi aktuallaşsın: "Hazırda bəzi universitetlərdə təhsil haqları Azərbaycanda nəinki orta aylıq haqqının 5-6 misli, hətta orta illik əmək haqqı qədər müəyyənləşdirilib. Bundan əlavə, rayonlardan gələn tələbənin Bakı kimi bahalı şəhərdə yaşayış xərclərini qarşılaması da getdikcə çətinləşir. Xüsusilə də son dövrlər ev kirayə bazarında mənzil icarəsinin daha sürətlə bahalaşması bu sahədə mövcud çətinlikləri daha da çoxaldır. 

Azərbaycan Respublikasının Təһsil Qаnununun 38-ci maddəsinin 38.7 bəndində deyilir: "Dövlət təhsil müəssisəsinin inkişafına, təhsilalanların təhsil haqlarının və təhsillə bağlı xərclərinin ödənilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini təmin edir". 

Ekspert bildirir ki, bu məsələdə qanunun bu maddəsinin işlək vəziyyətə salınması aktuallıq kəsb edir: "Hesab edirəm ki, qanunun bu maddəsi xüsusilə də işsizliyin artdığı, əmək haqlarının dəyərsizləşdiyi, ailə büdcəsinin çox hissəsinin qida və dərman istehlakına yönəldiyi, yaşayış şərtlərinin ağırlaşdığı, mövcud bank sisteminin tələbə kreditlərini təklif etmək iqtidarında olmadığı indiki dövrdə xeyli aktuallıq kəsb edir. Odur ki, əgər hökumət Təhsil Qаnununun 38-ci maddəsinin 38.7 bəndində nəzərdə tutulan öhdəliklərini icra edə bilmirsə, onda başqa maliyyələşmə sxemləri seçməli və bu yükün çox hissəsini öz üzərinə götürməli, eləcə də yüksək bal toplayaraq dövlət sifarişinə düşən hər tələbəyə görə universitetlərə büdcədən ödənilən vəsaitin məbləği artırmalı, eyni zamanda bu kateqoriyaya düşən tələbələrin əhatə dairəsini genişləndirməlidir. Bununla yanaşı başqa ölkələrdə olduğu kimi hökumət tələbələrə nəqliyyatda gediş, kitabxanalara, muzeylərə giriş haqlarında güzəştlər müəyyənləşdirməli, onları ucuz qiymətə olan yataqxanalarla təmir etməlidir".
 
Samirə Əliyeva
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo