13:09, 14 May 2018 (Bazar ertəsi) 136

Azərbaycanda Ramazan ayının başlayacağı vaxt müəyyənləşib

Azərbaycanda Ramazan ayının başlayacağı vaxt müəyyənləşib
«İslamın təqvimi ilə bu il Ramazan ayının başlanması mayın 17-nə təsadüf edir».

Bunu Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) deyiblər.

İdarədən bildirildiyinə görə, bununla bağlı onlar təqvim də hazırlayıblar. Bu təqvimə görə, Ramazan ayının son günü iyunun 14-nə təsadüf edir.

Ramazan bayramı isə iyunun 15-i və 16-na təsadüf edir.

İdarədən həmçinin bildiriblər ki, Ramazan ayının başlanması ilə bağlı Qazilər Şurasının fətvası ictimaiyyətə və dindarlara açıqlanacaq.

İslam dininə görə, «Quran-i-Kərim» Ramazan ayında nazil olduğundan, bu ay müqəddəs sayılır. «Quran-i-Kərim»də həmin ayda oruc tutmaq vacib sayılır.

Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla bütün müsəlmanlara tövsiyə edilib.

Bu ayda mömin müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar.

Oruc tutan insanlar iftara qədər (axşama qədər) yemək və su qəbul edə bilməzlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq yasaqdır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da İslam qaydalarına görə, xüsusilə günah sayılır.