17:42, 11 Yanvar 2017 (Çərşənbə) 60

Azərbaycanda ölən körpələrin sayı açıqlandı

Azərbaycanda ölən körpələrin sayı açıqlandı
"Hər il Azərbaycanda 170 min körpə doğulursa, onun təxminən 1700-ü vəfat edir".

Bunu Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri, baş neonatoloq Rüstəm Hüseynov APA-ya deyib.

O, bildirib ki, son illər hər 1000 diri doğulan körpədə ölüm əmsalı 10 promille təşkil edir. Yəni hər 1000 yeni doğulan uşaqdan 10-u ölür. R.Hüseynov vurğulayıb ki, 2016-cı ildə də oxşar vəziyyət qeydə alınıb.

Onun sözlərinə görə, 2015-ci ildən Azərbaycanda uşaq ölümlərinin sayı 0,8 faiz artıb. Baş neonatoloq əlavə edib ki, yeni meyarlara əsasən çəkisi 500 qr-1 kq olan az çəkili uşaqlar da diridoğulanların siyahısına daxil edilib: "Nəticədə 2015-ci ildə körpə ölümü faizi 0,8 faiz artıb. Lakin bu artım yalnız həmin ildə müşahidə olunub və 2016-cı ildə azalmağa doğru gedib”.