11:28, 13 Fevral 2018 (Çərşənbə axşamı) 299

Azərbaycanda ixtisası üzrə işləməyən gənclərin sayı nə qədərdir?

Azərbaycanda ixtisası üzrə işləməyən gənclərin sayı nə qədərdir?
Rəsmi statistika olmasa da, Azərbaycanda ixtisası üzrə işləməyənlərin sayının çox olduğunu demək mümkündür. 

"Əsas diplom olsun”, - deyib işə götürənlər, iş üçün diplomundakı ixtisasına əhəmiyyət verməyənlər yetərincədir. 

Səbəb nədir? Əgər tələbələr 4 il öyrəndikləri ixtisas üzrə yönəlmirsə, universitet onlara nələr qazandırır?

Toplum Tv-nin suallarını Bakının müxtəlif universitetlərində təhsil alan 3-4-cü kurs tələbələri və təhsil sahəsində 11 il təcrübəsi olan Aynurə Abdullayeva cavablandırıb.

- Aynurə Abdullayeva:
- Əvvəlki illərdə bu tendensiya xüsusilə güclü idi. Əsas səbəb, fikrimcə, abituriyentlərin universitetlərə müraciət zamanı bəzi məqamları nəzərə almadan, sırf  tələbə olsun deyə yalnış ixtisas seçimi etməsidir. İxtisas seçimi ciddi məsələ olsa da, təəssüf ki, əksəriyyət üzərində düşünməyi lazım bilmir. Populyar ixtisaslardır deyə psixologiyasına, xarakterinə zidd sahələri və ya imtahanlarda topladığı bala uyğun ixtisas seçib təhsil alırlar, sonra da bu ixtisasa marağının olmadığı aşkara çıxır. İndi uşaqlar universitet tələbəsi olmaq üçün 14-15 yaşlarında ciddi hazırlıqlara başlayır. Həmin yaş dövrünün gətirdiyi psixoloji təzadlar, təcrübəsizlik, valideyn təzyiqləri və s. bu kimi məsələlər var ki, şagirdə nə istədiyini anlamağa şərait yaratmır. 

Şagirdlər ixtisas seçimi zamanı bir neçə məqamı nəzərə almalıdırlar: gələcəkdə nə işlə məşğul olmaq istədiklərini müəyyən etməli,  bu işlə ömürlərinin qalan hissəsində maddi tələbatlarını qarşılama ehtimalını dəyərləndirməli, 7-8 il sonra seçdikləri ixtisasa olan tələbat səviyyəsini təxmin etməlidirlər. Təqdir edərsiniz ki, bu hər şagirdin  öhdəsindən gələcəyi məsələ deyil. Ona görə də illər öncə dediyim fikrimin üstündə qalıram və uşaqlar üçün məktəblərdə psixologiya və karyera mərkəzlərinin yaradılmasının vacibliyini bir daha vurğulayıram. Hər məktəbdə olmasa belə, yaxın məktəbləri birləşdirən belə bir mərkəz yaratmaq olar. Universitet öyrənmək məqsədi olmayan tələbəyə heç nə öyrədə bilməz. Yeniyetmə olaraq daxil olduğu universitetdən gənc kimi məzun olur. Fikirlər, dünyagörüşü, məqsədlər dəyişir. İndi bizim universitetlərə daxil olmaq da, oranı bitimək də xüsusi bilik və bacarıq tələb etmir. Əzbərləməyi bacardınızsa, artıq uğurlu hesab oluna bilərsiniz.

Bakalavr dərəcəli bir insan özünü bitirdiyi ixtisas üzrə karyerasında bu sahədə işə başlamaq üçün yetərli bilik və bacarıqlara malik hiss etmirsə, təbii ki o ixtisasla davam etmək istəməyəcək, əgər özünü inkişaf etdirmək istəmirsə. Üçüncü səbəb olaraq, ölkədə həmin sahəyə tələbatın səviyyəsinə, mövcud iş yerlərinin sayına baxmaq lazımdır.

- Pərvin Qafarzadə, 4-cü kurs, ixtisas regionşünaslıq (ABŞ və Kanada):
- Universitetdə yeni müəllimlərlə tanış oldum, yeni dostlar qazandım. Yeni biliklər əldə etmək üçün yönləndirildim. Universitetdə yeni mühit yaranır, yeni imkanlar açılır. Bunları universitet həyatım olmadan qazana bilməzdim.

- Cəmşid Cəmşidi, 4-cü kurs, ixtisas menecment:
- Universitet tələbə statusu verib mənə, bu statusu universitet olmadan qazana bilməzdim. Məncə, "tələbə" dünyanın ən yaxşı statusudur.

- Səmərə Qafarlı, 3-cü kurs, ixtisas musiqişünas:
- Universitet çox şey qazandırıb, məni böyüdüb, düşüncələrimi dəyişib, dostlar qazandırıb. İnsanları bir az daha yaxşı tanımağa, komplekslərimdən az da olsa çıxmağıma təsir edib. Dərslərin 50 faizi bildiklərimiz olsa da, 50 faizi mənim üçün yeni olub. Universitetdə aktivik. Müzakirələrdə iştirak edirik, seminarlar hazırlayırıq. Musiqiçi olsaq da, bir tənqidçi, musiqi təndiqçisi kimi yetişirik. Getdiyimiz tamaşalarda, konsertlərdə artıq izləyici yox, tənqidçi gözü ilə baxırıq və bunu vərdiş edirik. Məncə, ən əsası bu sahədə qazanmışıq. 

- Nərmin Quliyeva, 4-cü kurs, ixtisas Amerikanşünaslıq:
- Oxuduğun sahənin mütəxəssisi olmağına kömək edir. Düşüncələrin dəyişir, dünyagörüşün artır, sosiallaşırsan, müəyyən layihə, təşkilatlara qoşulmaq imkanın yaranır. Diplomu texnikom və ya kurslarla ala bilərsən, digər saydıqlarımı da universitetsiz qazanmaq olar, sadəcə universitet bütün bunları sistemli şəkildə sənə verir. Ən əsası da odur ki, nə qədər savadlı da olsan, əksər yerlərdə səndən universitet diplomu tələb olunacaq. 

- Nizami Qasımov, 4-cü kurs, ixtisas hüqüqşünas:
- Universitet mənə universitet adına layiq bilik qazandırmadı. Hüquq oxuyan biri kimi hüquq haqqında məlumat əldə etdim, hə. Amma bu məlumatlar istənilən bir sahəni sadəcə məcburi olaraq gözdən keçirməklə əldə edə bilərsən. Universitet həyatından hüquqla bağlı biliklərdən daha çox, şəhər həyatı, yeni yoldaşlar və dostlar, yeni maraq dairələri və s. qazandım. Qısası, universitet mənə hüquqdan başqa hər şey qazandırdı. Amma təbii ki, gördüyünüz kimi bunları mənə təhsil müəssisəsi olaraq qazandırmayıb. Sadəcə olaraq universitet adıyla 4 il keçirdim, yaşamaqla qazandıqlarımdı bunlar.  

Təbii ki, indi bunları müəllimlərimə desəm, "özün oxumamısan, oxusan, qazanardın”, - deyəcəklər. Elə məsələ də bundadı. Təhsilimizin əsas mənfi cəhəti odur ki, nə qazanacağımıza biz qərar vermirik. Nəyi öyrənməyimizi bizim əvəzimizə qərarlaşdırırlar. O cür müəllimlərə belə cavab vermək lazımdır: "sənin öyrətdiklərinlə mənim öyrənmək istədiklərimin tək ortaq cəhəti ixtisasımın adı idi. Nəyi universitetsiz öyrənə bilərdim, nəyi yox, buna cavab vermək çətin məsələdir. Hüquq haqqında bildiyim şeyləri, yəqin ki, məcburən də olsa, oxumadan öyrənə bilməzdim. Ancaq daha öncə də dediyim kimi universitet adına uyğun mən istədiyim hüquq biliyini aldımmı? Xeyr. Hazırda isə mənim öyrənmək istədiklərimə universitet əngəldən başqa bir şey deyil. 

Statistika göstərir ki, Azərbaycanda 2016/2017-ci tədris ilində tələbə sayı 2009/2010-cu illə müqayisədə 24585 nəfər artıb. Bu rəqəmlərlə ölkənin inkişaf səviyyəsi arasında necə əlaqə var? 
            
- Aynurə Abdullayeva:

-İnkişaf səviyyəsindən çox demoqrafik vəziyyətlə əlaqəlidir, məncə. Çünki universitetlərimizin təhsil keyfiyyəti göstəriciləri məlumdur. Tələbə sayının artması hələ əmək bazarı üçün keyfiyyətli kadr yetişməsi demək deyil. Alimlərimizin də sayı ilbəil artır, hər hansı dünyaya səs salan elmi araşdırmamız haqqında oxumamışam. Bizdə insanlar boş qalmasın deyə magistr təhsili alırlar bəzən. 11 ildir orta məktəbdə müəllim işləyirəm, universitet tələbəsi olsun deyə valideynlərin uşaqlara davamlı təzyiqlərinin şahidi olmuşam. Dəfələrlə iclaslarda, təklikdə fərqli uşaqların valideynlərinə uşaqlarını hər hansı peşə məktəbinə, texnikuma yönləndirə biləcəklərini tövsiyə etmişəm və sərt münasibətlə qarşılaşmışam. Hamının övladı haqqında yüksək fikirdə olması əladır, amma şəraiti və övladının potensialını, psixoloji vəziyyətini dəyərləndirərək qərar verən valideynlər azlıq təşkil edir.

Səyyarə Məmmədova
Toplum.Tv