23:41, 13 Fevral 2018 (Çərşənbə axşamı) 496

Azərbaycanda ixtisası üzrə işləməyən gənclərin sayı nə qədərdir? - II Hissə

Azərbaycanda ixtisası üzrə işləməyən gənclərin sayı nə qədərdir? - II Hissə
 "Azərbaycanda ali təhsil” mövzusunda müzakirəmizi davam etdiririk. 

Müzakirə gənclərin universitet və ixtisas seçimi dövrü, dərslərdən əlavə qalan boş vaxtları üçün universitetin onlara verdiyi imkanlar və Azərbaycanda təhsilin digər ölkələrlə müqayisəsi ilə bağlıdır.

Gənclər universitet və ixtisas seçmək dövründə gələcəkləri haqqında qərar vermək üçün nə dərəcədə azaddır? Universitet və ixtisas seçimi dövründə ana və ata iştirak etməlidirmi?

- Pərvin Qafarzadə, 4-cü kurs,  ixtisas regionşünaslıq (ABŞ və Kanada):
- İxtisas seçimi əslində gənclərin qabiliyyətlərinə, istəklərinə görə olmalıdır. Lakin gənclər seçim zamanı müxtəlif kənar təzyiqlərə məruz qalır. Cəmiyyətdə formalaşan müəyyən tendesiyalar var, məsələn, müəllimlik ixtisasını daha çox qızlar seçir, qadın üçün ideal peşə hesab olunur. Yaxud vaxtilə arzusu gözündə qalmış valideyn, məsələn, özü həkim olmaq istəyib olmayıb, indi uşağına təzyiq edir ki, tibb oxusun. Halbuki uşaq başqa sahəyə həvəsli, bacarıqlıdır. Nəticədə peşələri səhv düşmüş kadrlar yaranır. Mən əvvəlcə valideynlərimin təşəbbüsü ilə orta məktəbi 9-cu sinifdə tərk edib kollecdə ibtidai sinif müəllimliyi təhsili aldım. Bunlar valideynlərimin qərarı idi. 4 ilimi hədər hesab edirəm. Sonra 2 il orta məktəbdə işlədim, bunu da vaxt itkisi sayıram. İşləyə-işləyə TQDK imtahanı verib BAAU Regionşünaslıq (ABŞ və Kanada) ixtisasına daxil oldum. Artıq ixtisas seçimimi özüm etmişdim, universiteti də dostum məlsəhət görmüşdü. 

- Cəmşid Cəmşidi, 4-cü kurs, ixtisas menecment:
- Mənə ixtisas və univeristet seçimi zamanı heç bir təsir olmamışdı. Maddi vəziyyəti nəzərə alıb qərar vermişdim. Amma həqiqətən gözlədiyim, təsəvvür etdiyim bu deyildi. Mən tamam başqa şey gözləyirdim, başqa cür oldu. Müəllimim demişkən, məktəbdə normal oxuyub universitetə gələn tələbələr 1-ci kursdan sonra universiteti tərk etmək istəyir. Çünki universitetin 1-ci kursu onlara gözlədiyi mühiti vermir, sonra da artıq motivasiya aşağı düşür.

- Səmərə Qafarlı, 3-cü kurs, ixtisas musiqişünas:
- Məncə, indi gənclərin əksəriyyəti azaddır. Bunu oxuduğum universitetdəki tələbələrə əsasən deyirəm. Bizdə (Mədəniyyət və İncəsənət Universiteti) tələbələrin çoxu öz istəyi ilə təhsil alır. Mən də 6-cı sinifdən musiqi ilə məşğul olmağa başladım. Sözün düzü, o yaşda hələ özümü tam tapmamışdım. Valideynlərim də mənim istəyimi soruşub, razılığımı alandan sonra musiqiyə qoymuşdu. Peşman deyiləm. Hələ musiqişünas kimi tam yetişməsəm də, özümü inkişaf etdirmək üçün çalışıram. Məncə, digər valideynlər də, uşağlarını yönləndirməzdən əvvəl onların fikrini soruşmalı, bacarıqlarını nəzərə almalıdır. 

- Nərmin Quliyeva, 4-cü kurs, ixtisas amerikanşünaslıq:
- Gənclər universitet seçəndə çox vaxt öz istədikləri yox, valideynlərinin məsləhət gördüyü, hətta məcbur etdiyi yeri seçirlər. Universitetdə keçirdiyi 4 il müddətində isə bu seçimlərin yaratdığı problemlər olur. Məsələn, tələbə getmək istəmir, verilən tapşırığı etmir, dərs vaxtı başqa tələbələrə də mane olur. Çünki keçirilən dərs ona maraqlı deyil. Bəzi gənclər olduqları yerə aid deyil. Bir də nəzərə alaq ki, əksər  abituriyentlərin seçim edərkən yaşı 16-17-18 olur. Məncə, bu yaşlarda insan nə istədiyini, hansı sahədə çalışmaq, öyrənmək istədiyini bilmir. Valideynlər uşaqlarına seçimdə kömək edə, məsləhət verə bilər, ancaq məcbur etməməlidir. Mən seçim vaxtı qərar verməkdə azad olmuşam, ailə təzyiqi olmayıb.

- Nizami Qasımov, 4-cü kurs, ixtisas hüqüqşünas:
- Azad deyillər. Mən ən azadları idim hələ. Amma problemlər heç azadlıqla da bitmir. İnsanların universitet və ixtisas seçiminə əngəllər sadəcə azadlığı məhdudlaşdırmaqla qoyulmur, seçimləri məhdudlaşdırmaqla, dünyagörüşünü məhdudlaşdırmaqla qoyulur. 

Uşaqlar ən balacalıqdan maraq və bacarıqlarının meyilləndiyi sahəyə deyil, yaxşı pul gətirəcək sahəyə yönəldilir. Beləcə də, əksər uşaqlar heç öz maraq və bacarıqlarını kəşf belə etmirlər. Abituriyent dövründə uşağın da, ailənin də tək düşündüyü şey "imtahanlar necə olacaq” və imtahana bir az yaxınlaşanda da, "haranı yazaq ki, uşağın əlinə pul gəlsin”- düşüncəsidir. Məsələ ondadır ki, öz maraqlarını dərk edənlər azadlıqlarının məhdudlaşdığını görə bilir. Bəs bu düşüncələrlə sıxışdırılıb heç dərk edilməyən maraq və bacarıqlar necə olsun? Sizcə, öz maraq sahəsi olmayıb, sadəcə universitetə girmək adı ilə universitetə gedənlərin neçə faizinin öz günahıdır bu? 

Eynən bu pula yönəlik düşüncə səbəbilə, gedəcəyimiz ixtisas haqqında məlumatımız da olmur. Özümdən misal gətirsəm, hüquq haqqında ətrafımdaki insanların bildikləri müstəntiq, prokuror, ya da hakim olub "pul kəsmək”di. Mən hüquqda keçiləcək şeylərin mənim öyrənmək istədiyim hüquqla əlaqəsinin belə olmadığını bilsəydim, 4 ilimi burda keçirməzdim. Məlumatsızlıq. Azadlığın ən böyük əngəli budur. 

Mən ən azadları idim uşaqların. Məndə ailə basqısı yox idi. Amma yenə də aldandım. Hüquqa gəlməyib, digər istədiyim sahələrə yönəlsəydim, dahamı yaxşı olacaqdı, bilmirəm, əslində. Bu sistemlə istənilən bir sahə nə dərəcədə yaxşı ola bilərsə...

- Aynurə Abdullayeva, təhsil sahəsində 11 il təcrübəsi olan müəllimə:
- Deyə bilmərəm ki, tam azaddırlar və ya hamısı təzyiqə məruz qalır.  Düzgün məsləhət həmişə lazımdır. Bizdə valideynlər bəzən uşaqlarını yarımçıq qalmış arzularının davamçısı olaraq görürlər. Pis olan bu deyil, pis olan uşağa istəmədiyi sahədə təhsil almağa yönəlik göstərilən məcburiyyətdir. Və ya valideynin ixtisasının davamçısı olaraq görülmək də bəzən uşaqlara pis təsir edir. Valideyn və övladın tələbəlik dövrü arasında dekadalar olur. Valideynlər anlamalıdır ki, bu zaman kəsimi heç kimə, heç nəyə təsirsiz ötüşmür. Əgər bu sahədə uyğun təcrübələri varsa, valideynlərin məsləhətləri təqdirəlayiqdir, əgər təcrübələri yoxdursa, övladlarının müəllimləri ilə məsləhətləşməli, ən yaxşısı mütəxəssislərə müraciət etməlidirlər.

Universitetdə dərs saatları və tapşırıqlar nə dərəcədə çoxdur? Universitetdə dərsdən əlavə qalan boş vaxtınızı necə keçirirsiniz? Universitet bunun üçün sizə hansı imkanları verir?

- Pərvin Qafarzadə:
- Universitetdə dərs günü ərzində altı saatdan çox vaxt keçirirəm. Dərs və tapşırıqlara görə çox yüklənmirəm, əlavə kitablar da oxuya bilirəm, materiallar da hazırlayıram. Lakin sərbəst işlər və kollekviumlar zamanı yüklənirəm. Yaxşı olardı ki sərbəst işləri "copy-paste” formatından çıxarıb, məğzinə uyğun hazırlamağımız və kollekviuma hazırlaşmağımız üçün bizə boş vaxt versinlər və ya həmin vaxlarda araşdırma apara bilməyimiz üçün dərslərdən azad etsinlər. Çünki hər şey üst-üstə yüklənəndə işlərin keyfiyyəti də aşağı düşür. Artıq proses mexaniki hal alır: sərbəst iş adına uyğun hansısa mənbədən yazıları köçür-gətir sərbəst iş adıyla yığılsın. Bütün bunlardan əlavə boş vaxtlarımı küçə heyvanlarının qayğısına qalan QHT ilə işlər, ixtisasımla bağlı qoşulduğum kurslarda keçirir, özümü inkişaf etdirirəm. Bunların əksəriyyətinə də universitet sayəsində qoşulmuşam. Ümumiyyətlə, universitetlərdə aktiv, çalışqan tələbələrə diqqət verilir, şərait yaradılır.

- Cəmşid Cəmşidi:
- Mənim ixtisasım elədir ki, dərslər həyatda görüb yaşadığın şeylərlə birbaşa əlaqəlidir. Mən evdə saatlarla oturub dərs kitabları oxumurdum, amma öz dünyagörüşümü artırmaq üçün əlimdən gələni edirdim. Universitetdə dərs bitən kimi ya evə, ya da şəhərə gedirdim. Yəni qalıb universitetdə vaxt keçirməyə şərait yox idi. Dərs saatları isə müəllimdən asılı olaraq dəyişirdi, bəzən 80 dəqiqə 1 il kimi gəlirdi, adama bəzən də heç hiss etmirdin ki, necə keçir.

- Səmərə Qafarlı:
- Universitetin tapşırıqları normaldır, çətinliklə qarşılaşmamışam. Tək problem, seminar və ya tədbir varsa, vaxt çatışmazlığı olub. Universitetdə əlavə qalan vaxtlarda əgər konsert və ya tamaşalar varsa, ora gedirik. Kitabxanada oluruq. Universitetdə qeyri-ixtisaslarla məşğul olmaq imkanı yoxdur. Məncə, olsa pis olmaz. Məsələn, pianistə 1 il skripka dərsi keçirilsə və sair. Əlbəttə, bu tələbələrdən soruşulmalıdı ki, əlavə hansı aləti öyrənmək istəyirlər. Mən nümunə gətirdim sadəcə. Ümumilikdə təhsil və müəllim heyətindən razıyam.

- Nərmin Quliyeva:
- Bizdə bəzi dərslərin saatları nəinki çox, hətta azdır. Dərs saatının az olması tapşırıqların çox olmasına gətirib çıxarır. Nəticədə tələbəyə çətinlik yaranır və 20-30 səhifəlik dərs oxumalı olurlar. Həm də bu fənlər ixtisas üçün vacib olan fənlər olur. Belə çətin günlərdə mümkün olmasa da, boş vaxtım olanda film izləyərək, kitab oxuyaraq, ya da gəzərək keçirirəm. Əslində universitet həm texniki avadanlıqlar baxımından, həm də elektron kitabxanalara giriş baxımından tələbələrə imkanlar yaradır. Sadəcə tələbələrin çoxu bundan xəbərsiz olduğu üçün yararlana bilmirlər.

- Nizami Qasımov:
- Proqram, ümumiyyətlə, düzgün qurulmur. Daha lazımlı fənlər daha lazımsız fənlərdən daha az keçilə bilir. Tələbənin müstəqil araşdırmalar aparmasiına və nəticələr ortaya çıxarmasına heç bir şərait yaradılmır. Çünki elə ancaq yüklənirik, araşdırma isə asudə vaxt tələb edir. Qurulan proqram lazımsız şeylərə lazımlılardan daha çox əhəmiyyət verir. 
Bunların hamısının da əsas səbəbi odur ki, sadəcə işləməyə yönəldilirik, sahəmizi anlamağa, dərk etməyə və sahəmizdə professional olmağa yox. Gündəlik işimizi yaxşı bilib, "başımızı aşağı salıb işimizi görməyə”.  

Açığı, universitetdə nə qədər vaxtımızın getməsi, nə qədər boş vaxtımızın qalması, bunlar təhsili ölçən keyfiyyətlər deyil. Məni tanıyan dostlarım və yaxınlarım bilirlər ki, maraq sahəmdə olan, öyrənmək istədiyim şeyləri öyrənmək üçün bütün günümü və gecəmi həsr etməyi bacaran insanam. Yəni, mənə lazım olanlar öyrədilsə, universitet 24 saatımı alsa, şikayət etmərəm. 

Boş vaxtlarıma gələndə isə... Mən hüquqdan istədiyimi ala bilməyəcəyimi anladığım andan etibarən öz digər maraq sahələrim üzrə özümü inkişaf etdirməyə başladım. Artıq hüquq mənim məşğul olduğum sahələr və fəaliyyətlər arasında sonuncudur. Boş vaxtlarımı daha önəmli hesab etdiyim sahələri öyrənməyə ayırıram. Hobbilərim isə sadəcə gəzişmək, düşünmək, mahnıya qulaq asmaq və kitab oxumaqdır. 

- Dünyada təhsili ilə yenilikçi və uğurlu ölkələr sırasında həmişə ilk Finlandiya misal göstərilir. Azərbaycandakı təhsil sistemindən fərqli olan Finlandiya qısa dərs saatları, uzun tətillər və daha az dərslə uğurlu olacağını beynəlxalq aləmdə də sübut etdi. Sizcə Azərbaycana da bu sistem tətbiq oluna bilər?

- Əslində, Finlandiya ilə bizim tariximizdə bəzi oxşar məqamlar var. Qriqoriy Petrovun "Bəyaz zanbaqlar ölkəsində” əsərini oxuyandan sonra bizim də israrlı olduğumuz təqdirdə Finlandiya kimi olmaq şansımızın mövcudluğu, təhsil və maarifləndirmə  yolu ilə "bataqlıqlar ölkəsi”ndən  "xoşbəxtlər ölkəsi”nə  çevrilmək ehtimalı belə xoşbəxt hiss etdirmişdi. Finlandiyanın maarifçiləri qorxmadılar, onların təhsilinə, təhsil vasitəsilə gələcəyinə kölgə salanlarla mübarizə apardılar və qalib gəldilər. Finladiyada məsələ sırf qısa dərs saatları və s. deyil. Orada müəllimlər yüksək təhsilli insanlar arasından seçilir, müəllimlərlə müqavilə imzalananda onların emosional zəka keyfiyyətləri də yoxlanılır. Düşünürəm ki, müəllimin uşağa verəcəyi bilikdən öncə onun xoş münasibəti önəmlidir, şagirdi anlaması önəmlidir. Kurikulum sistemində müəllim fasilitatordur. Müəllimin işi təkcə şagirdə necə və haradan öyrənməyi öyrətmək deyil, həm də onu həyata hazırlamaq olmalıdır. 

Finlandiya sistemi o zaman bizdə tətbiq oluna bilər ki, Dövlət İmtahan Mərkəzinin imtahan üsulları ilə məktəbin təlim-tədris üsulları bir-birini tamamlasın, üst-üstə düşsün. İkinci, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması məsələsidir. Finlandiyada müəllimlər kifayət qədər maddi təminatlıdırlar və istədikləri peşəkar inkişaf kursuna qatıla bilirlər, hətta bu Finladiyada məcburidir və bunu alqışlayıram. Müəllim inkişaf etməlidir. Bu gün paytaxtımızda müəllimlər üçün keyfiyyətli kurslar təqdim edən təşkilatlar var, amma əsasən ödənişli olurlar və bu, hər müəllim üçün iqtisadi baxımdan əlçatan deyil. Təhsil Nazirliyinin təşkil etdiyi kurslar da mövcuddur, amma bütün ölkənin pedaqoji heyətini əhatə etdiyindən əmin deyiləm. Finlandiyada müəllim də, şagird də, valideyn də təhsilin dəyişdirici gücünə inanır və buna görə təhsil alır. Təhsilə inanmalıyıq, bugünkü təhsili uyğun hesab etmiriksə, islahatlardan qorxmamalıyıq, vaxt itirmədən dəyişdirməliyik, çünki təhsil dinamik olmalıdır.

Səyyarə Məmmədova
Toplum.Tv