19:35, 22 Noyabr 2017 (Çərşənbə) 1096

Azərbaycanda hansı nazirliklər ləğv olunmalıdır? - Ekspert şərh edir

Azərbaycanda hansı nazirliklər ləğv olunmalıdır? - Ekspert şərh edir
Noyabrın 21-də deputat Zahid Oruc Milli Məclisdə çıxışı zamanı oxşar fəaliyyəti yerinə yetirən nazirlik və dövlət orqanlarının birləşdirilməsinin daha məqsədəuyğun olduğu fikirini irəli sürüb. 

Buna misal kimi Nəqliyyat Nazirliyinin ləğvini göstərib və deyib ki, qurumun bir hissəsinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi. red) birləşdirilməsi nəqliyyat sektoruna zərbə vurmayıb. 

2015-ci ildə baş verən 2 devalvasiya hadisəsi ölkə büdcəsinə təsir göstərdiyi zamanlarda da müxtəlif ekspertlərin dilindən buna bənzər fikirlər səsləndirilib. 

Bəs indi necə, nazirlik, komitə və qurumların birləşdirilməsinə ehtiyac varmı? Hansı qurumların birləşdirilməsi daha məqsədəuyğundur?
 
"Ləğvetmə və birləşdirmə problemi həll etməz"

Politoloq Nəsimi Məmmədli Toplum.Tv-yə açıqlamasında hesab edib ki, qurumların birləşdirilməsi mövcud problemi həll etməyəcək: "Əslində, Azərbaycanda dövlət orqanlarının hansısa birini götürərək onun fəaliyyətini bu və ya digər şəkildə qiymətləndirmək doğru olmazdı. Çünki bu böyüklükdə idarəetmənin özündən qaynaqlanan problemlərdir. Güman etmirəm ki, ayrı-ayrı nazirliklərin, strukturların ləğvi və ya formasını dəyişməsi idarəetmənin şəffaflaşmasında, daha səmərəli olmasında müəyyən rol oynaya bilər. Bu baxımdan kompleks yanaşılmasının tərəfdarıyam. Ayrı-ayrı qurumlarda aparılacaq ləğvetmə, birləşmələr mövcud problemlərin həllində ciddi bir rol oynaya bilməz". 
 
"Tikintiyə 14 nazirlik müdaxilə edir"

İqtisadçı Natiq Cəfərli isə idarəetmənin optimallaşdırılmasında qurumların birləşdirilməsinin mühüm rol oynadığını düşünür: "Son zamanlar dövlət və hökumət idarəetməsinin optimallaşdırılması üçün bəzi orqanların birləşdirilməsi, yaxud da ləğv edilməsi məsələsi daim gündəmdədir. Təbii ki, effektivliyin artırılması üçün hər hansı formada dövlət orqanlarının və nazirliklərin birləşdirilməsi həm büdcə xərclərinin azaldılmasına xidmət edib, həm də keyfiyyətli xidməti təmin edəcəksə, bu addımlara getmək lazımdır. Bu, çox vacibdir. Çünki qəbul edilmiş yanaşmanın özü də ona xidmət etməlidir ki, dövlət büdcəsinin xərcləri optimallaşsın, həm də dövlət və hökumət strukturları vətəndaşlara daha yaxşı xidmət göstərsin". 

Natiq Cəfərli bir neçə nazirliyin və qurumun birləşdirilməsinin, yaxud da bir-birini təkrar edən qurumların ləğv edilməsinin vacibliyini vurğulayıb: 

"Məsələn, tikinti ilə məşğul olan, yaxud da tikintiyə hər hansı müdaxiləsi olan 14 dövlət orqanı və nazirlik var. Onlar bəzi hallarda bir-birlərinin funksiyalarını təkrarlayırlar. Bunları təkrarlamaqdansa, bir nazirlikdə, yaxud qurumda birləşdirərək, daha effektiv və ciddi fəaliyyət göstərmək mümkündür. Gömrük Komitəsinin ayrıca və müstəqil bir orqan kimi qalması da anlaşılan deyil. Əslində, bir çox ölkədə belə bir praktika var ki, Gömrük Komitəsi ya Vergilər Nazirliyinin, ya da Maliyyə Nazirliyinin tərkibində bir departament kimi fəaliyyət göstərir. Yaxud da büdcəyə ödəmələri həyata keçirən orqanların funksiyakarı birlışdirilə bilər. Ən azından prinsip olaraq onu demək lazımdır ki, Azərbaycanda kifayət qədər nazirlik və dövlət orqanları var. Onların da sayının çox olması büdcə xərclərinin artırılmasına, həm də bürokratik aparatın genişlənməsinə - biznesin, vətəndaşların fəaliyyətinə mane olur. Fəlsəfi olaraq bu məsələyə kökündən baxmaq lazımdır. Hansı ki bu optimallaşdırılma addımları atılmalıdır. Bunun örnəkləri də var, amma proses yarımçıq qalıb. Məsələn, "Asan Xidmət" son dönəmlərdə kifayət qədər etibar qazanmış bir orqandır. Bu quruma paralel olaraq "Asan Xidmət"in işini görən dövlət strukturları da qalıb. Bu da anlaşılan deyil. Yəni "Asan Xidmət" bu işləri daha keyfiyyətli görürsə, paralel qurumlar da ləğv edilməlidir. Bu məsələdə daha prinsipial mövqe tutmaq lazımdır ki, idarəetmənin keyfiyyətinin artırılması prosesi daha sürətlə getsin". 
 
"Azərbaycanda 12 nazirliyin saxlanılması optimal hesab oluna bilər"
 
İqtisadçı Qubad İbadoğlu isə hesab edir ki, bu sahədə islahatlar aparılmalı və ən optimal yol 12 nazirliyin saxlanmasıdır:

"Bu günə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin sturkturuna 19 nazirlik, 9 dövlət komitəsi, 2 dövlət adminstrasiyası, 4 dövlət xidməti və 1 dövlət fondu daxildir və onların hamısı dövlət büdcəsindən maliyyələşir. Beləliklə də, Kabinetin tərkibində müxtəlif adlarla yer alan mərkəzi icra strukturlarının sayı 35-ə çatır. Bu istiqamətdə aparılmalı olan islahatların 1-ci mərhələsində Azərbaycanda 12 nazirliyin saxlanılması optimal hesab oluna bilər. 

Bunlar aşağıdakılar ola bilər:

1) Müdafiə Nazirliyi, 
2) Daxili İşlər Nazirliyi, 
3) Ədliyyə Nazirliyi, 
4) Xarici İşlər Nazirliyi, 
5) Maliyyə Nazirliyi, 
6) İqtisadiyyat Nazirliyi, 
7) Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi, 
8) Səhiyyə, Təhsil və Rifah Nazirliyi, 
9) Sənaye, Elm və Texnologiyalar Nazirliyi, 
10) Nəqliyyat və Rabitə Nazirliyi, 
11) Vergilər və Rüsumların Tənzimlənməsi Nazirliyi, 
12) Əmək Nazirliyi...

Hesab edirəm ki, gələn il martın əvvəlində hökumət parlamentdə hesabat verdiyi zaman bu məsələlər üzrə də ciddi müzakirələr aparılmalıdır".

Ofelya Ramilqızı 
Toplum. Tv