17:33, 16 Fevral 2018 (Cümə) 123

Azərbaycanda 26 nəfər miqrant saxlanılıb

Azərbaycanda 26 nəfər miqrant saxlanılıb
Dövlət Miqrasiya və Dövlət Təhlükəsizlik xidmətlərinin fevralın 12-də və 14-də qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 24 nə­fər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşı olmaqla, ümumilikdə 26 nəfər əcnəbi saxlanılıb. Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, araşdırma zamanı 17 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türk­mənistan vətəndaşının ölkə əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duğu, 7 nəfər Hindistan vətəndaşının ölkəyə gəlişinin bəyan edil­miş məqsədinə əməl etmədiyi məlum olub.

Eyni zamanda Hindistanın Qucarat əyalətində fəaliyyət göstərən Mehbub adlı şəxsin Azərbaycandakı əla­qələndiricisi Nirav Dineshkumar Patel vasitəsilə Hindistan vətəndaşlarının öl­kəyə göndərilməsini və burada yerləşdirilməsini təşkil etdiyi müəyyən edil­ib. Qeyd olunan şəxslər Hindistan vətən­daş­la­rı­nı aldadaraq yüksək aylıq əmək haqqı olan iş yeri vəd etməklə, Azər­­bay­canda leqallaşacaqlarına inandırıb və dələduzluq yolu ilə müəy­yən məbləğdə pul vəsaitlərini mənimsəyiblər.

N.D.Patel al­da­dı­laraq ölkə əra­­zi­si­nə gətirilən Hindistan vətəndaşlarını Bakı şəhərinin Yasamal və Nəsimi ra­yon­la­rı əra­zi­sin­dəki müxtəlif ünvanlarda yer­ləş­dir­ib, özü isə məqsədli şəkildə Gürcüstan istiqamətində Azərbay­canı tərk edib.