18:30, 21 Noyabr 2017 (Çərşənbə axşamı) 24

Azərbaycan XİN Fransaya etiraz edib

Azərbaycan XİN Fransaya etiraz edib
"ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycan kəskin etirazını bildirib".

Bunu Azərbaycan xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O, bunu Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdə yaradılan qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın bu günlər Fransaya səfəri ilə bağlı izah edib:

"Avropa Birliyi ölkələrində fəaliyyət göstərən erməni lobbi dairələri və Ermənistan bu yolla Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qanunsuz rejimi təşviq etməyə, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneə olmağa çalışır. Sözügedən məsələ ilə əlaqədar Fransanın Azərbaycandakı səfiri ilə XİN-də görüş keçirilib. Azərbaycanın Fransadakı səfirliyinin isə bu gün (noyabrın 21-i) Fransa XİN-də görüşü nəzərdə tutulub.

Təəssüflə qeyd edirik ki, Ermənistanın diplomatik pasportu ilə səyahət edən Bako Saakyanın Avropa Birliyi ərazisinə daxil olması Şenqen viza qaydalarının ciddi pozulması ilə müşayiət olunub. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Fransanın öhdəliklərinə zidd olmasına baxmayaraq, bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülməyib".

H.Hacıyevin bildirməsinə görə, 2015-ci il iyulun 2-də Fransa hökuməti yerli prefekturalar və ali komissarlara sirkulyar təlimat göndərib:

"Həmin təlimatda yerli özünüidarəetmə qurumlarının beynəlxalq əməkdaşlıq sahəsində səlahiyyət məhdudiyyətlərinə dair xəbərdarlıq edilir. Mərkəzi hakimiyyətin siyasətinə və beynəlxalq öhdəliklərə zidd olaraq, yerli orqanların Fransa hökumətinin tanımadığı qeyri-qanuni rejimlər, o cümlədən qondarma Dağlıq Qarabağla beynəlxalq əməkdaşlığa dair sənədlər imzalamasına qadağa qoyulur.

Fransa tərəfinin bu təlimatdan çıxış edərək, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə qanunsuz sənədlər imzalayan yerli orqanlara münasibətdə zəruri addımlar atacağını gözləyirik".

Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri B.Saakyan noyabrın 19-u Fransaya səfər edib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.