15:06, 13 Oktyabr 2017 (Cümə) 37

Azərbaycan və Ermənistan prezidentləri görüşəcək

Azərbaycan və Ermənistan prezidentləri görüşəcək
Azərbaycan və Ermənistan prezidentləri oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərində görüşəcək.

Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Mətbuat xidməti bildirib ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək məqsədi daşıyır. 

Prezidentlər arasında son görüş 2016-cı il iyunun 21-i Sankt-Peterburq şəhərində baş tutub. 

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT -in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.