15:12, 16 Aprel 2017 (Bazar) 4723

"Azərbaycan siyasətinin primadonnaları çoxdur" - İqbal Ağazadə

Ümid Partiyasının sədri İqbal Ağazadə Toplum.Tv-yə müsahibə verib. Müsahibəni təqdim edirik: 
 
- Son günlər keçmiş deputat həmkarlarınız - Qüdrət Həsənquliyev və Fəzail Ağamalı mətbuata açıqlamalarında deyiblər ki, Milli Məclisdə qanunlar Prezident Admistrasiyasından gəldiyi kimi də qəbul edilir. Hətta buna etirazlarını da bildiriblər. Siz deputat olanda da vəziyyət belə idi?

- Əvvəlki dönəmlərdə də Milli Məclisdə etirazlar var idi. Bu şəxslər də müyyən bir dövr ərzində etiraz edirdilər. Müxtəlif məsələlərə öz etirazlarını bildirirdilər. Təkcə onlar deyil, başqaları da qanun lahiyyələrinin qəbulu zamanı fərqli mövqe sərgiləyirdilər. O vaxt Milli Məclisdə daha sərt müxalif mövqedən çıxış edənlər var idi deyə mətbuat, kütləvi informasiya vasitələri, hətta  vətəndaşlar belə o sərt çıxışların fonunda bu tip məsələlərə o qədər də əhəmiyyət vermirdilər. Amma indi Milli Məclisdə heç bir alternativ səs eşidilmədiyindən, alternativ təklif və sərt mövqe göstərilmədiyindən adicə mübahisələri, hətta bu tipli məsələləri senasasiya kimi qəbul edirlər. Çünki fərqli fikir yoxdur. Hesab edirəm ki, kütləvi informasiya vasitələrinin diqqət yetirdiyi məsələnin kökündə dayanan budur. Araşdırsanız, ən qatı iqtidar nümayəndələri belə, zaman-zaman müxtəlif qanun layihələrinin qəbulu zamanı etiraz bildirən mövqe sərgiləyiblər. Ona görə də o dövrdə daha sərt mövqelər səsləndiyi üçün bu mövqelər bir qədər kölgədə qalıb. Bir daha təkrar edirəm ki, indi Milli Məclisdə alternativ səs eşidilmədiyinə görə hər deyilən fərqli fikir ictimaiyyətin diqqətini cəlb edir. Bu da həmin qəbildən olan cəlbetmələrdən biridir. 

- Referendum prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verildi. Milli Məclis bu qədər zəifdirsə, qanunlar bu qədər asanlıqla qəbul etdirilirsə, hakimiyyət bu dəyişiklikdə niyə maraqlı idi?

- Parlamentin buraxılma səlahiyyəti müxtəlif dövlətlərdə var. Amma elə dövlətlər də var ki, parlamenti hökumət təşkil edir. Hökumət təşkil edə bilməyəndə buraxa bilər. Burada çarpaz, üst-üstə düşən məqamlar var. Milli Məclis prezidentə impiçment tətbiq edə, prezident isə Milli Məclisi buraxa bilir. Bu qanunçuluğun fəlsəfəsinə ziddir. Təsəvvür edin, Milli Məclis impiçment haqqında qərar qəbul edir. Prosedur da belədir ki, o, Konstitusiya Məhkəməsinə getməlidir. Konstitusya Məhkəməsi təsdiq edərsə, qüvvəyə minmiş hesab edilir. Həmin müddətdə də prezident parlamenti buraxır. Belə bir halda bütün strukturlar iflic vəziyyətinə düşür. Yəni qanunçuluğun fəlsəfəsi ilə bu ola bilməz. Ya referendumla prezidentə Milli Məclis tərəfindən impiçment tətbiq oluna, ya da prezident parlamenti buraxa bilməzdi. Yəni qayda budur. Azərbaycan reallığında prezident səlahiyyətləri ilə parlamentə impiçment tətbiq edə bilməzdi. Çünki elə bir qurum yoxdur ki, digər bir şəraitdə prezidentə impiçment tətbiq edə bilsin. Bəs niyə prezident parlamenti buraxmaq səlahiyyətlərini əldə etdi? Bunun da sadə səbəbləri var. Milli Məclis yeganə seçkili orqandır və siyasi institutların və ictimai-siyasi proseslərin gərgin olduğu və yaxud da gərginlik yaratdığı bir vaxtda gərginliyi aradan qaldıra bilən tək seçki parlament seçkiləridir. Çünki orada böyük əksəriyyətin maraqlarını təmin etmək mümkündür. Parlamentin səlahiyyətlərinin azaldılması nəticə etibarilə müxtəlif qrupların orada maraqlarının təmin olunmasına şərait yaratmaqla yanaşı, digər ictimai-siyasi gərginlik yaradan mənbələri aradan qaldıra bilər. Buna görə də hesab edirəm ki, bu ehtiyat variantlardan biri kimi nəzərdə tutulub. Ekstermal vəziyyətlərdə, ictimai-siyasi durum gərgin olanda və ya beynəlxalq basqılar, təhdidlər, təhlükələr zamanı demokratiyaya aşırı ehtiyac yarandığı məqamlarda məhz əsas diqqət seçkili orqana veriləcək ki, təkrar seçkilər həmin gərginlikləri azaltsın və demokratiyanın indeksini yuxarı qaldırsın. 

- Bəs bu, hakimiyyətə hansı imkanları qazandıracaq? 

- Hakimiyyətə əlavə nəfəslik və şanslar verəcək. Parlamentin səlahiyyətlərinin azaldılması nəticə etibarilə ona hesablanıb ki, bundan sonra ora nə qədər adam düşsə belə, ciddi gərginlik yarada bilməz, hətta yaradabilmə ehtimalları çox aşağıdır. Çünki artıq prezidentin səlahiyyətləri var ki, parlamenti buraxsın. Onun imkanları var ki, parlamentdə, hətta fərdlərə qarşı deputat toxunulmazlığının və mandatının əlindən alınması ilə bağlı daxili nizamnaməyə uyğun olaraq, qərarlar da qəbul etsin. Ona görə də hesab edirəm ki, parlamentin buraxılmasına bu şəkildə yanaşıb, qərar qəbul ediblər. Yoxsa bu, hər hansı bir qorxudan, parlamentin səlahiyyətlərinin çox olmasından və yaxud da başqa nəsnələrdən xəbər vermir. 

- Bir neçə gün öncə rus jurnalist Vladimir Solovyov Vesti.FM radiosuna müsahibəsində Prezident İlham Əliyevlə görüşündən bəhs edib və belə bir ifadə işlədib: "Mən ona sual verdim ki, müxalifətlə necə bacardınız? O da cavab verdi ki, mən xaricdən gələn maliyyə axınına nəzarət etməyə başladıqdan sonra müxalifət cılızlaşdı". Doğurdanmı, müxalifətin zəifləmə səbəbi budur, yoxsa başqa amillər də var?

- Məndə dəqiq bilgi yoxdur ki, müxalifətin hansı qanadı xaricdən pul alırdı. "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə görə xaricdən maliyyələşmək cinayət məsuliyyəti yaradır. Hesab edirəm ki, hakimiyyətin əlində müxalifətin xaricdən birbaşa gələn maliyyə mənbələri haqqında məlumatı olsaydı, bununla bağlı cinayət təqibi prosesi başlayardı. Ayrı-ayrı siyasi partiyaların funkusionerlərinin qeyri-hökumət təşkilatları vasitəsilə aldığı qrant faktlarını da inkar etmək mümkün deyil. Bu faktlar da ciddi faktlar kimi ortada olub. Amma müxalifətin zəiflədilməsinin səbəbləri təkcə bu faktlar deyil. Müxalifətin zəiflədilməsi səbəbləri fərqlidir. 

Əvvəla, Azərbaycan siyasi mühitində 2003-cü ildən sonra çox ciddi proseslər getdi. Birinci proses ondan ibarət idi ki, Azərbaycan 1993-2003-cü illərdən fərqli iqtisadi müstəviyə daxil oldu. Ölkəyə böyük pul axını gəldi. Bu pulun miqyasında hakimiyyətin vizual olaraq gördüyü işlər də oldu, həmçinin böyük miqdarda pulun ölkəyə daxil olması müxalifətə qoşulmaq istəyənlərin əksəriyyətini iqtisadi sferaya yönəltdi. Baxmayaraq ki, biz dəfələrlə bunun keçəri bir dövr olduğunu qeyd etmişdik. Deyirdik ki, yatırılan investisyalar faydalı işlərə qoyulmur və zaman keçdikcə bu Azərbaycan üçün problemlər yaradacaq. Bütün bunlara rəğmən, Azərbaycanın böyük kəsimi siyasətdən çəkildi və bunun ardınca repressiv siyasət dönəmi başladı. Azərbaycanda avtoritar rejim anlayışından daha çox neo-avtoritar bir rejimə doğru addım atıldı. 

Siyasətlə məşğul olan insanlar üzərində xüsusi basqı həyata keçirildi. Adi iş yerlərindən tutmuş geniş iş yerlərinin saxlanılmasına və yaxud da biznes strukturlarında çalışmalara qədər məhrumiyyətlər və  sıxıntılar oldu. Bu basqılar siyasi cəhətdən aktiv olan insanları işsizlik təhlükəsi ilə üz-üzə qoydu və adamlar yavaş-yavaş geri çəkilməyə başladılar. 

2011-ci ilin "Ərəb baharı"ndan sonra siyasətə daha çox sosial şəbəkələr üzərindən basqılar həyata keçirilməyə başlandı. Yaxın Şərqdə baş verən hadisələr nəticə etibarilə sosial şəbəkə üzərindən başlanılmış proses kimi qiymətləndirildi. Azərbaycan hakimiyyəti artıq sosial şəbəkə üzərindən basqılara getdi və burada aktiv olan fəalları yavaş-yavaş prosesin içərisinə cəlb etdilər. Siyasi institutların içərisində fəal olub sosial şəbəkələrdə rəy yaradan, fikir bildirən insanlar sıxışdırıldı. Beləcə, siyasi mühitin cevrəsi daraldı. 

Azərbaycan iqtidarı 2003-cü ildən bu yana qarşısına ciddi bir siyasi xətt qoymuşdu. Belə düşünürdü ki,  Azərbaycan xalqı  siyasi proseslərdən nə qədər uzaq saxlanılsa, müxalifət qrupu ilə iqtidar qrupu nə qədər ortada qalsa, iqtidar həmişə udacaq. Bunu bütün təbliğat vasitələrilə, zorakı üsullarla, o cümlədən admistrativ üsullarla həyata keçirdilər. Beləliklə, xalq ayrıca bir böyük qrup şəkilində qaldı. Siyasətdə isə iki qrup qaldı: iqtidar və müxalifət.  Resursalara diqqət etsək, iqtidarın inizbati, maliyyə resursları müxalifətin olmayan inzibati və kiçik maliyyə resursları qarşısında qat-qat böyükdür və iqtidar həmişə rahatca qələbə qazandı. 

"İqtidarla müxalifətin eyni ələ oynaması yeni qüvvələrin ortaya çıxmasına mane olur" 

Azərbaycanda müxalifətin zəifləməsinin əsas səbəbi iqtidarın basqıları ilə bağlı olsa da, müxalifətin özünün də böyük səhvləri oldu. Müxalifətin müasir dövrə və iqtidarın apardığı siyasətə uyğunlaşmamaq, taktika və strategiyasını dəyişməmək kimi bir yapısı ortada qaldı. Hər zaman 88-90-cı illərin havası ilə yaşadı. Düşündülər ki, o zaman da problem olanda xalq çıxırdı və biz prosesi başlayan kimi yenə də xalq gələcək. Qəbul etmək istəmədilər ki, bu, baş verməyəcək. Bunun da müxtəlif səbəbləri var. Çünki artıq yekdil xalq anlayışı yoxdur. Azərbaycanda iqtidarın özünün də 25-30 fazilik bir qrupu var. Ortada qalan qrup isə müxtəlif siyasi institutlar arsında bölünmüş kiçik faizlərdir. Onları bir yerə toplmaq, vahid mərkəzdən idarə etmək mümkün deyil. Gəlib devalivasiya və iqtisadi eniş dövrünə çatanda isə baş verən münasibətlər sistemində yenə də toparlamaq mümkün olmadı, yəni Azərbaycan müxalifəti yenə qruplar şəklində qaldı. Nəticədə müxalifətin böyük hissəsi kiçilmiş qruplarla əvəz olundu. 

"Müxalifət 93-dən bəri "nəticəsizlik sindromu" yaşayır" 

Bundan əlavə, müxalifətin 93-cü ildən bu yana yaşadığı "nəticəsizlik sindromu" var. Bunu qəbul etməsələr də, israrla inkar etsələr də, "nəticəsizlik sindromu" insanlarda xəyal qırıqlığı yaradır və inamı aşağı salır. Seçici, sıravi vətəndaş indiyənə qədər heç nə edə bilməyib deyib, prosedə gözləmə mövqeyini seçir. Yeni qüvvələrin ortaya çıxmasına isə böyük miqyasda əngəllər var. Bu əngəllər tikilən divarlar deyil, qalalar deyil ki, içər girmək mümkün olmasın. İstər sosial şəbəkələr vasitəsilə basqılar, istər mühitin olmaması iqtidar və müxalifətin bəzən bu istiqamətdə birgə hərəkəti, eyni ələ oynamaları yeni qüvvələrin ortaya çıxmasına mane olur. 

"İqtidar müxalifəti Cəbhə-Müsavat şinelindən çıxmağa qoymayıb" 

İqtidara köhnə qüvvələrlə mübarizə aparmaq rahatdır. Köhnələrsə arzularını reallaşdıra və hakimiyyətə gələ bilmədiklərinə, illərini bu yolda xəriclədiklərinə görə prosesdən rahatca geriyə çəkilmək istəmirlər. Belə düşüncələri də yoxdur. Ona görə də yeni bir rəqib istəmirlər, yeni rəqib onlar üçün də qorxuludur. Ən başlıca amillərdən biri 92-93-cü illərin ağır yükü bu gün müxalifətin böyük əksəriyyətinin çiyinlərindədir. İqtidar da təbliğat vasitəsilə müxalifəti Cəbhə-Müsavat şinelindən çıxmağa qoymayıb. 

Bəzən regionlarda insanlara yaxınlaşanda müxalifətə Cəbhə-Müsavat düşüncəsi ilə baxışın dəyişilməz qaldığının şahidi olursan. Elə bilirlər ki, müxalifətçisənsə hökmən ya cəbhəçisən, ya da müsavatçı. Hakimiyyət həm də bunu bilərəkdən yaradıb. Bütün bunlar üst-üstə gələndə müxalifət zəifləmiş durumdadır. Yoxsa bu deyilən kimi xaricdən gələn maliyyənin qarşısının alınması məsələsi deyil. Bu, böyük bir sistemdir. Bu sistemin içərisində də iqtidarın özünün idarə etmədə olan sərtliyi, müxalifətin isə o sərtliyin içində nələr edə biləcəyini yeni mühitə transfer edə bilməməsinin nəticələridir. 

- Milli Şuranın mitinqindən sonra müxalif arenada siyasi mübarizənin kimə qarşı, haradan başlanılması haqqında polemika yaşandı. Bəziləri deyir ki, dəyişikliyə aşağılardan başlamaq lazımıdır. Bəziləri də deyir ki, yox, dəyişiklik mütləq yuxarıdan olmalıdır.  Siz necə düşünürsünüz, haradan başlamaq lazımdır?

- Dəyşiklik istəyən əvvəlcə nə qədər gücə malik olduğunu düzgün hesablamalıdır. Siyasət gücə bağlıdır. Yəni insanlarla nə dərəcədə yaxınsan, necə işləyirsən. Cəmiyyət səni hansı səviyyədə dəstəkləyir... Təbii, hədəf hakimiyyətə gəlmək olanda taktika və strategiya ayrı, demokratik bir prosesin başlanılması və Azərbaycanda demokratik cəmiyyət qruculuğuna keçidi təmin etmək olanda ayrı olur. Hesab edirəm ki, bu gün proses hakimiyyət uğrunda mübarizədən daha çox demokratikləşmə və Azərbaycan cəmiyyətinin Avropa cəmiyyətinin bir hissəsi olmasını təsbitləmək istiqamətində getməlidir. Bu prosesdə hədəf artıq ayrı-ayrı fərdlər deyil, sistemdir. Heç bir fərqi yoxdur, sən aşağıları götürdün, ya yuxarıları. Fərz edək ki, sən uzun müddət aşağılara qarşı mübarizə apardın və aşağıdakı nazir dəyişdi. Bəs mübarizə necə olacaq? Və yaxud da uzun müddət köhnə ilə yenilik arasında  gedən mübarizədə tərəf tutdun, lap yeniliyi dəstəklədin, sistem dəyişməzsə, nə fərqi var? Uzağa getməyək, 2003-cü ildə rəhmətlik Heydər Əliyevi İlham Əliyev əvəz etdi. Nə dəyişdi? Sistem ki, dəyişmədi. Ona görə də hakimiyyətdə kimin, hansısa fərdin olması şərt deyil, şərt sistemin dəyişməsidir və bunun üçün mübarizə aparılmalıdır...

Sizi əmin edirəm ki, sistem dəyişərsə, hətta hakimiyyətdə İlham Əliyev olsa, növbəti mərhələdə demokratik parlament seçkiləri keçirilə bilər, çünki artıq sistem dəyişib. Yəni sistem dəyişərsə, demokratik proses təbii olaraq yerini tutacaq və o postda oturan şəxs məcburdur ki, yeni sitemə uyğun davransın. Sistemi o vəziyyətə gətirmək üçün nələr etməliyik,  bunlar da tamam başqa mövzudur. Ona görə də həmişə deyirəm ki, müxalifətin seçimləri və yanaşmaları yalnışdır. Müxalifətdə qəribə bir tendensiya var: mübahisəni açan tərəflər də elə özləridir. Biri deyir ki, mən daha güclüyəm, edə bilirsənsə, sən də bunu et. O biri başqa bir söz deyir və s. 

Mən həmişə sadə misallar çəkib izah edirəm. Tutaq ki, çörəyin qiyməti bir manatdır və "mən güclüyəm", "ən güclüyəm" deyənin cibində də 25 qəpik var. O da həmin pula çörək ala bilmir. Mənimsə 15 qəpiyim var. Məndə eyni dərəcədə çörək ala bilmirəm. Nəticə yoxdura, mənim 15 qəpiyimlə onların 25 qəpiyinin arasında heç bir fərq yoxdur. Çünki ikisidə heç nəyə yaramır. Bax bu gün Azərbaycanda vəziyyət belədir. Qəbul etmək, anlamaq istəmirlər ki, hədəf o çörəyi almaqdırsa, sənin 25 qəpiyin onu ödəmir. 

"At izi, it izinə qarışıb"

Demokratiya isə həyat, yaşam tərzidir, bir prosesdir. Demokratiya hadisə deyil. Bunu qəbul edə bilməyənə qədər bu vəziyyətə düşəcəyik. Bu qədər problemlərin olduğu bir mühitdə siyasi qüvvələrin konsolidasiyası getmir, mərkəzlər yaranmır. Bu tipli ölkələrdə iki-üç mərkəz yaradılmalı idi. Məsələn, mərkəzlərdən biri ənənəvi müxalifətin, Cəbhə-Müsavat və xalq hərəkatından çıxan digər qüvvələrin olmalı idi. Yaxşı-pis, fərqi yoxdur, bir-birlərini qəbul edirlər. Onların Azərbaycan siyasətinə, gələcəyinə baxışları da eyni pəncərədəndir.  

İkinci bir mərkəz 92-93-cü ilin yükünü çiyinlərinə yığmayan, Azərbaycana fərqli şəkildə baxanlar olmalıydı. Üçüncü mərkəz də iqtidar olamalıydı. Azərbaycan siyasi palitrasının vəziyyəti bu gün bunları tələb edirdi. Çox təəssüflər olsun ki, bunu yaratmaq mümkün deyil. At izi, it izinə qarışıb. 

92-93-də o yükü alanlarla yeni yarananların birliyi, gənclərin birliyi - hamısı qarışıb bir-birinə. Bilmirsən nə nəyə qarışıb və adamlar bir-birindən nədə fərqlənirlər? Əslində, bu mərkəzlər fundamental olaraq formalaşmalıdır və mübarizə də bu istiqamətdə getməlidir. Artıq bu mərkəzlər olandan sonra əlaqələr yarana bilər. Düzdür, inteqrasiya məsələsində köhnələrlə yenilərin arasında fikir ayrılıqları olur. Hətta bunu fikir ayrılığı kimi yox, fundamental ayrılıq kimi də qiymətləndirmək olar. Bəziləri bu hakimiyyət dəyişsin deyə Rusya və İranmeyilli qüvvələrlə birlikdə olmağı ağıllarından keçirirlər və bu yöndə də işləyirlər. Mən ömrümdə bunu edə bilmərəm. Bütün bunlar ortadaykən sonra da deyirik ki, birlik niyə alınmır? Birlik bu tipli şeylərə görə baş tutmur, çünki birliyin düsturu düzgün müyyən olunmayıb. Dediyim bu formalaşan üç mərkəz Azərbaycan siyasətini düzgün yerlərə apara bilər. Təəssüf ki, siyasi qüvvələrin başında dayananlar da içindən qarışıb. Bu sindiromu dağıtmağa gücləri çatmır. Bəziləri isə ictimai rəydən qorxur. 

Pis bənzətmə olacaq, amma deyəcəm: rəhmətlik İlhamə Quliyeva nə qədər ki, sağ idi, musiqi sahəsində qəribə tendensiya yaranmışdı. Hətta İlhamə Quliyevadan xoşu gəlməyənlər də efir üzünə bağlanmasın deyə "Primadonna" deyib onun arxasınca düşürdülər. Hətta bilirdilər ki, bu, özü də yaxşı hərəkət deyil. Çox təəssüflər olsun ki, Azərbaycan siyasətinin primadonnaları çoxdur. O primadonnalardan da bacarığı, qabiliyyəti, istedadı olan adamlar təəssüflər olsun ki, qorxurlar. Məncə, primadonnalardan qorxmağa dəyməz. 

- İnteqrasiya məsələsinə toxundunuz. Ona görə də yenidən rus jurnalistin açıqlamalarına qayıtmaq istərdim. Jurnalistin sözlərinə görə, prezident deyib: "Qərbə göstərdik ki, biz onlar kimi deyilik". 
Siz necə düşünürsünüz, biz Qərb kimi deyilik? Qərb kimi olmaq pisdirmi? 

- O da cənab prezidentin baxışıdır. O hesab edir ki, biz onlar kimi deyilik. Biz isə hesab edirik ki, biz onlar kimiyik, bizi onlardan heç nə fərqləndirmir. Bunlar baxışlar fərqidir, bunu normal qəbul etmək lazımdır. Ona görə də idarəetmə, yanaşma, prosesləri idarəetməklə bağlı Azərbaycan hakimiyyəti ilə bizim baxışlarmız üst-üstə düşmür. Bunları faciə kimi qəbul etməyə dəyməz. Məhz elə döyüşən baxışlardır. Mübarizənin bu səviyyəyə gəlib çıxmasının səbəbi budur ki, hərəmiz Azərbaycana, onun gələcəyinə başqa cür baxırıq. Bəzən bu məsələlərdə iqtidar haqlı kimi görünür. Niyə haqlı görünür? Tutaq ki, Avropaya üzünü tutmuş Ukraynada problemlər yaşanır. Donbas, Krım problemi mövcuddur. Amma biz düşünürük ki, bunlar müvvəqqətidir, bunları törədən Qərb deyil, Rusiyadır. Rusiya istəmir ki, onun ətrafında olan qeyri-demokratik zolaq dağılsın. Bu zolaq dağılan kimi demokratiya Rusiyanın içinə keçəcək. Bu elə prosesdir ki, onu bir yerdə durdurub divar hörmək mümkün deyil. Rusiya indi qeyri-demokratik zolaqla prosesi Gürcüstanda, Azərbaycanda, Ermənistanda, Moldovada, Ukraynada və Orta Asiyada saxlamaq istəyir. Çünki Rusiyanı əhatə edən bizlərik. Bizdən demokratiya keçdisə, Rusyanın sərhəddinə dirənəcək. Onda proses Çeçenistan, Tatarıstan, Başqırdıstan və digər ərazilərdə başlayacaq. Eyni zamanda rus xalqı bu prosesə qoşulacaq. Rusiya buna görə qoymur. 

Qəbul etmək lazımdır ki, Ukraynadakı prosesləri bu həddə gətirən avrointqrasiya, demokratiya deyil, buna əngəl olan Rusiyadır. Bizim baxışımız budur. Təəssüf ki, iqtidar da bu arqumentlərdən istifadə edir; istəyirsiniz ki, biz də Ukrayna olaq? Donbas, Krım itirlib, Gürcüstana Abxaziya, Osetiya zərbələri vurulub və s. 

"Qəddafi məktəbə gəlir, qızdan xoşu gəlir və qız itir"

Bütün bunlar bəzən xəyal qırıqlığı yaradır. Bəsit seçiciyə, problemlə üzləşən seçiciyə Amerikanın, Fransanın, Avropa dövlətlərinin basqı etdiyi Suriya, İraq nümunə kimi göstərilir. Bu da bəzən seçicini qorxudur. Amma bir şeyi qəbul etmək lazımdır bir ölkədə Qəddafi varsa, Səddam Hüseyin varsa, o ölkə gec-tez bu günə qalmalıdır. Mümkün deyil onu saxlamaq, durdurmaq. Qəddafi haqqında indi danışılanları oxuyanda adam dəhşətə gəlir. Adam məktəbə gəlir, qızdan xoşu gəlir və qız itir. Valideyinləri axtarıb-tapmağa belə cəhd etmir qız. Qəddafi rejmi buna görəmi yaxşı idi? 

Bu nümunələr ortada olduğuna görə seçici də qorxur, hakimiyyətin dedikləri sıravi seçiciyə həqiqət kimi gəlir. Televizyaların ümumi mənzərəsinə diqqət edin. Xəbərlər necə başlayır: Suriya dağıldı, İraq dağıldı, Avropada terror oldu və s. Ancaq pis nümunələr göstərilir və ondan sonra çicəklənən Azərbaycandan bəhs edilir. Bu bir təbliğat vasitəsidir. Hesab edirəm ki, cənab prezidentin müsahibəsindəki o hissə də - "Biz avropalı deyilik" məhz onların baxışıdır. 

"Biz özümüzü avropalı sayırıq"

Biz isə özümüzü avropalı sayırıq. Biz istəyirik daha çox avropalı olaq. Dünya bizim üçün təzə deyil. Kim bizim üçün yaxşı nümunədirsə, onu da seçməliyik. Pis nümunə kimi niyə Rusyanı seçməliyik? Niyə hər şeyin insan üçün olduğu və daha yaxşı nümunə olan Avropanı seçməyim? Mən insanımı onun xarici görkəmini, düşüncəsini dəyişmirəm. Mən elmini dəyişmək istəyirəm. Elm insanı hara aparacaqsa, ora qədər gedək. Elmdən nə qədər azadlıq çıxacaqsa, maariflənmədən nə qədər azadlıq çıxacaqsa, qoy insan ona doğru getsin. Zatən, insan bunu istəyirsə, qoy olsun. 

Hesab edirəm ki, Avropa elmdən, inkişafdan, düşüncə tərzindən çıxan azadlığa sahib olub. Nə qədər elm veriblərsə, o qədər çıxan azadlıq Avropdakı qədərdir. Acınacaqlı olsa da, dəfələrlə qeyd etmişəm ki, Azərbaycanda insandan başqa hər şeyə investisya qoyulub. Bircə insana investisya qoyulmayıb. Biz insana investisya qoyulan cəmiyyət istəyirik. Küçəyə, daşa milyonlar xərcləyən, bir insana illik 72 manat tibbi xərc ayıran dövlət istəmirəm. Bir tarix diyarşünaslıq muzeyinin kvadrat metrini 22 min 600 manata təmir edirlər. Bir insanın sağlığına illik 72 manat xəricləyirlər. 180 manat bir şagirdin illik təhsilinin dövlət xərcidir. Mən bunu istəmirəm. Ona görə də avropalaşmalıyıq, Qərbə üz tutmalıyıq deyirəm. Çünki inkişaf Qərbdədir... 

Qara Məhəmmədoğlu
Toplum.Tv