16:02, 05 Oktyabr 2017 (Cümə axşamı) 250

"Azərbaycan pambıqçılıq üçün sərfəli ölkə deyil" - AUDİOMÜSAHİBƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov yerli mediaya verdiyi son müsahibəsində məşğulluq və ölkə iqtisadiyyatının durumu ilə  bağlı bir çox məqama aydınlıq gətirib. İqtisadçı Azər Mehtiyev bu müsahibə ilə bağlı  bəzi suallarımızı cavablandırıb. Müsahibəni təqdim edirik:
 
- Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov son müsahibəsində çətin vəziyyətə baxmayaraq, dövlətin manatın məzənnəsini qoruyub saxladığını etiraf edib. Dövlət manatın məzənnəsini sərbəst buraxsa, nə baş verəcək?

- Biz hər zaman demişik ki, Azərbaycan iqtisadiyyatının indiki dövründə manatı sərbəst buraxmaq imkanı yoxdur, çünki Azərbaycan iqtisadiyyatının o potensialı yoxdur. Mərkəzi Bank nə qədər  manatın dəyərinin  bazar tərəfindən tənzimləndiyini desə də, kifayət qədər ciddi müdaxilə var. Bu,  2015-2016-cı illərdə baş verən proseslər baxımından başa düşüləndir. Manatın tamamilə özbaşına buraxılması və bazar dəyərini  özünün tənzimləməsini gözləməyin iqtisadiyyat üçün çox ağır nəticələri ola bilərdi. Prosesin gec də olsa nəzarət altına alınması və hətta bəzi sahələrdə ciddi məhdudiyyətlər yaradılması ilə manatın nisbi sabitliyinə nail olmaq zəruridir, çünki  iqtisadiyyat üçün manatın nisbi sabitliyi zəruri şərtdir.  

- Nazir gəlir gətirən pambıqçılıq, tütünçülük, fındıqçılıq sahələrində yeni iş yerlərinin açılmasından danışıb. Nazirin təbirincə desək, Azərbaycanın dünya bazarında bu sahələrə sirayət etməsi üçün şansı nə qədərdir?

- Bu sahələrin seçilməsi zamanı daha çox Azərbaycanın Sovet dövründə əkilən kənd təsərrüfatı məhsulları əsas götürülüb. Təbii ki, zaman fərqli idi, o dövrdə bu məhsulların istehsalı SSRİ vahid xalq təsərrüfatının bir elementi kimi həyata keçirilirdi və məhsullar dövlət tərəfindən satın alınırdı.O zamanlar da bu məhsulların Azərbaycanda istehsal səviyyələri elan edilən statistik göstəricilərdə göstərilən kimi olmayıb. Bu məhsullar üzrə Azərbaycanın nə qədər rəqabət üstünlüyünə malik olması ciddi hesablamalar tələb edir, ancaq  gözlə görünən odur ki, Azərbaycan ən azı iqlim baxımından pambıqçılıq üçün sərfəli  ölkə deyil. Biz dünya bazarına çıxmaq istəyirik, amma yan-yörəmizdə çox böyük pambıqçılıq ölkələri var, məsələn, elə Özbəkistan kimi. Bu baxımdan bu gün dövlət tərəfindən seçilmiş və subsidiyalaşdırılan sahələrin nə dərəcədə prespektivli olması mübahisə predmetidir. Azərbaycanın  torpaq və iqlim şəraitinə uyğun olan sahələrin inkişafına diqqət yetirilməlidir. Söhbət nardan, baldan, fındıqdan tutmuş bir çox məhsullardan gedir. Eyni zamanda da yerli fermerlerin üstünlük verdiyi məhsulları satın almaqla bu istiqamətdə işlər görmək olar. Bu gün danışılan o məhsullar nə qədər texniki məhsullar olsa da, onların satın alınması üçün bazar yenə də inhisarçıların əlindədir. Bu halda dövlət dəstəyi belə, bu sahələrdə ciddi inkişaf prespektivinin olacağını deməyə əsas vermir. Ölkədə rəqabət mühiti yaradılmayınca, biz yalnız dövlətin və ya məmurların qərar verdiyi sahələrin inkişaf etdirilməsi cəhdlərini görəcəyik. Bunlar daha çox məmurların qərar verdiyi sahələrdir, biznesin qərar verdiyi sahələr deyil. 

- Kəndlərdə məşğulluq probleminin həlli məqsədilə kənd təsərrüfatı üzrə ailələr üçün kiçik biznesin yaradılması və kəndlərdə infrastruktur layihələrinin icrası həyata keçirilir. Dünya Bankı yeni bir istiqamət üzrə kooperativ biznes layihələrinin icrasını, yəni icma prinsipi üzrə birləşərək, ayrı-ayrı ailələrin deyil, icmaların maliyyələşdirilməsini məsləhət görür. Bu haqda nə düşünürsünüz? Nə dərəcədə effektiv ola bilər?

- Dünya təcrübəsi də göstərir ki, kənd təsərrüfatı məşğulluğun təmin edilməsi üçün böyük sahə deyil. Dünyanın heç bir yerində belə bir təcrübə yoxdur. Hansı ölkədə kənd təsərrüfatı əsas məşğulluq sahəsidirsə, o ölkələrdə yoxsulluq və texnologiyanın zəif inkişafı var. Müasir kənd təsərrüfatı sənayeləşmiş sahə hesab olunur və burada məşğulluq səviyyəsi də o qədər böyük deyil. Əgər Azərbaycanda kənd təsərrüfatını məşğulluğu təmin etmək üçün inkişaf etdirmək istəyirlərsə, bu, doğru yanaşma deyil. Təbii ki, kənd təəsrrüfatının potensialı var, insanlarımızın torpaqları var və bu sahənin inkişafı üçün könüllü kənd təsərrüfatı kooperasiyalarının inkişafına nail olmaq lazımdır. Bu inkişafı stimullaşdırmaq üçün onları müəyyən texnika və texnologiyalarla təmin etməklə yüksək məhsuldarlığa nail olmaq və  istehsal olunan məhsulların satışı  üçün satış  bazarları təşkil etmək lazımdır. Bu, həm dövlət satınalmaları yolu ilə, həm də ölkədə  normal biznes mühiti formalaşdırmaqla, emal sənayesinin genişləndirilməsi yolu ilə mümkündür. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin bu addımı daha çox yoxsul ailələrə göstərilən yardımların pul şəklində deyil, onların biznesə girişini təmin etmək məqsədi daşıyır. Bu, alternativlərdən biri kimi mümkündür, ancaq bu gün Dünya Bankının təklif etdiyi istiqamət ondan ibarətdir ki, həmin kooperasiyalar icma şəklində fəaliyyət göstərməklə könüllü şəkildə daha məhsuldar nəticələr əldə etsinlər. Bu istiqamətdə də həm Dünya Bankı, həm dövlət onlara dəstək versin. Bundan əvvəlki dövrdə fermerlərin soyuducularla təmin olunması üçün müəyyən addımlar atıldı. Bu soyuducuların bir-iki biznesmenə deyil, həmin könüllü kooperasiya yaradacaq adamlara verilməsi, bu sahədə yardım göstərilməsi daha məqsədəuyğun olar. Dövlət kooperasiyaların yaranmasını stimullaşdıraraq, xırda torpaqların birləşdirib yüksək məhsuldarlığın əldə edilməsinə şərait yarada bilər.

İzzətxanım Cabarlı
Toplum tv