16:49, 17 Dekabr 2016 (Şənbə) 221

"Dəyişən dünya və Azərbaycan" MSDM-in toplantısında - VİDEO

Dünən Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) "Dəyişən dünya və Azərbaycan" mövzüsunda növbəti toplantısı keçirilib. 
 

Toplantı üç gün öncə estakadanın uçması ilə həyatını itirən 10 neftçinin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Həyatını itirmiş neftçilərlə bağlı hadisəyə toxunan MDM sədri İsa Qəmbər faciəyə görə ölkə başçısının və SOCAR-in prezidenti Rövnəq Abdullayevin məsuliyyət daşıdığını qeyd edib. 

Toplantının mövzusu ilə əlaqədar Vaqif Hacıbəyli də fikirlərini bildirib. 

O, Rusiyadakı seçki proseslərinə diqqət çəkərək, Müsavatın namizədi İsa Qəmbəri 2018-ci ildə hakimiyyətə gələcəyi təqdirdə fəaliyyət planı haqda tədbirlər görməyə səsləyib. 

Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu Yaxın Şərqdə baş verən proseslərə toxunaraq, narahatlığını ifadə edib. O həmçinin Azərbaycanda yaşayan dini kəsimin fikirlərinin diqqətdən kənarda qalmasını pisləyib, bütün İslam dünyasına Məhəmməd peyğəmbərin doğum günü həftəsi ilə əlaqədar təbriklərini ünvanlayıb.

"Azərbaycanın qəbul etdiyi iqtisadi yol xəritəsi, sadəcə, keçmişə baxış və gələcəyə də virtual baxışdır. Ortada isə heç nə yoxdur", - bu sözləri isə "Turan" İnformasiya Agentliyinin  rəhbəri Mehman Əliyev deyib. 

Onun sözlərinə görə, müsbət dəyişiklik yuxarı pillələrdən başlamazsa, bu inqilab aşağıdan başlayacaq.

Keçmiş daxil işlər naziri İsgəndər Həmidov yaxın günlərdə Amerikada keçirilmiş prezident seçkilərindən danışıb. Onun fikrincə, 3 əsas sütuna söykənən Amerika siyasətini nə hazırki, nə də bir başqa prezidentin gəlişi dəyişəcək.

Sonda mərkəzin sədri İsa Qəmbər növbəti toplantının 2017-ci ilin yanvarına planlaşdırıldığını qeyd edib.
 
Toplumtv.com
İqrar Qurban