10:36, 25 Aprel 2018 (Çərşənbə) 59

Azərbaycan mətbuat azadlığına görə 163-cüdür

Azərbaycan mətbuat azadlığına görə 163-cüdür
Azərbaycan mətbuat azadlığına görə 180 ölkə içində 163-cü yerdədir. Bunu Fransada yerləşən Sərhədsiz Reportyorlar təşkilatı aprelin 25-də açıqladığı Mətbuat Azadlığı İndeksinə əsasən bildirir.

Azadlıq Radiosunun  məlumatına görə, Ermənistan 80, Gürcüstan 61-ci, İran 164-cü yeri tutub.

Ancaq RSF həm də xəbərdarlıq edir ki, mətbuat azadlığının pozulması təkcə avtoritar rejimlərə və diktaturalara xas deyil. Builki indeksdə mediaya nifrət mühitinin gücləndiyi daha çox görünür.

Birləşmiş Ştatlar bu il iki pillə geriləyərək 45-ci yerə düşüb.

"Siyasi liderlərin mediaya düşmənçiliyi daha Türkiyə (157) və Misir (161) kimi avtoritar ölkələrlə məhdudlaşmır. Bu ölkələrdə mediafobiya elə qabarıqdır ki, jurnalistlər bir qayda olaraq terrorçuluqda suçlanır, sadiqlik sərgiləməyənlər qanunsuz həbs olunur”, – hesabatda deyilir.

"Demokratik yolla seçilmiş liderlər getdikcə daha medianı demokratiyanın təməl sütunu kimi görmürlər”, – sənəddə vurğulanır.

Budəfəki hesabatda ABŞ prezidenti Donald Tramp kəskin tənqid olunur, "medianı qaralamağa həvəsli” kimi göstərilir. Onun jurnalistlərlə bağlı "xalqın düşməni” ifadəsini işlətməsi yada salınır, vaxtilə sovet diktatoru Joseph Stalin-in bu sözü dilə gətirdiyi vurğulanır.

Artıq ikinci ildir Norveç və İsveç birinci və ikinci yerləri tutub. Şimali Koreya isə indeksin dibində yer alıb.

RSF bildirir ki, bu indeks həm də "qoluzorluların” öz sərhədlərindən kənarda da nüfuzunu yaydığını göstərir.

"Ölkəsində müstəqil səsləri boğan Rusiya (148-ci yer) prezidenti Vladimir Putin RT və Sputnik media orqanları vasitəsilə propaqanda şəbəkəsini genişləndirir. Çin (176) lideri Xi Jinping isə sərt nəzarət etdiyi xəbər və informasiya modelini Asiyaya ixrac edir”, – hesabatda deyilir.