15:12, 23 Yanvar 2018 (Çərşənbə axşamı) 52

"Azərbaycan kursu dəyişməlidir" - Nils Mujnieks

Avropa insan hüquqları komissarı Azərbaycanda insan hüquqlarının durumundan danışıb.

"Mən jurnalist Əfqan Muxtarlının barəsində hökmü qəti şəkildə pisləyirəm. Bunu Tbilisidə onun oğurlanması və Azərbaycana gətirilməsi ilə başlanmış qanunsuzluğun davamı hesab edirəm", - Avropa insan hüquqları komissarı Nils Mujnieks Amerikanın Səsinə müsahibəsində Əfqan Muxtarlının qaçaqmalçılıq və sərhədi qanunsuz keçmək ittihamı ilə 6 il azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmünü şərh edərkən bildirib.

"Çox təəssüf ki, Gürcüstan hakimiyyəti bu hadisəni araşdırmadı və bu da çoxlu suallar doğurdu. Bu hadisə göstərdi ki, Azərbaycan hakimiyyəti ölkə xaricində də onu tənqid edənlərin təqib edilməsinə son qoymur, Azərbaycanın hüdudlarından kənarda cəza tədbirləri həyata keçirlir. Bu, tamamilə yolverilməz və qəbuledilməzdir", - o bildirib.

Beynəlxalq birliyin münasibətilə bağlı sualın cavabında N.Mujnieks deyib ki, Bakı insan hüquqları sahəsində öz öhdəliklərini yerinə yetirməlidir və beynəlxalq tərəfdaşlar Bakıdan bunun icrasını tələb etməlidir.

"İlk növbədə biz Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına əməl olunmasını və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən İlqar Məmmədovun azadlığa buraxılmasını tələb edirik.

Həmçinin müstəqil vəkillərin hüquqlarının təmin olunmasını və Azərbaycanda onlara sərbəst işləmək imkanlarının yaradılmasını tələb edirik.

Biz həmçinin siyasi motivlərlə mühakimə olunanların azadlığa buraxılmasına və həbsdən azad edilənlərin hərəkətinə məhdudiyyətlərin aradan qaldırılmasına təkid edirik", N.Mujnieks vurğulayıb.

O qeyd edib ki, hakimiyyət ölkədə vətəndaş cəmiyyətinin işini mümkünsüz edən məhdudiyyətləri aradan qaldırmalı və 2014-cü ildə onlarla QHT-yə qarşı başlanmış cinayət işini dayandırmalıdır.

"Azərbaycan hakimiyyəti Avropa ilə münasibətlərin normallaşmasını istəyirsə kursu dəyişməlidir", - o qeyd edib.

"Azərbaycana qarşı sanksiya tətbiq edilə bilərmi" sualının cavabında N.Mujnieks deyib ki, bu mövzu onun səlahiyyətinə aid deyil. "Bu, siyasi addımdır və mənim səlahiyyətimə aid deyil", - o bildirib.

O, vəziyyətin ciddi olduğunu deyib və qeyd edib ki, məsələ Avropa Şurası Nazirlər Komitəsinin gündəliyindədir.