20:40, 13 Sentyabr 2018 (Cümə axşamı) 321

Azərbaycan-İsrail hərbi əməkdaşlığı müzakirə olunub

Azərbaycan-İsrail hərbi əməkdaşlığı müzakirə olunub
Sentyabrın 13-ü müdafiə naziri Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan İsrail müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Azadlıq Radiosu"-nun məlumatına görə, Zakir Həsənov görüşdə vurğulayıb ki, Ermənistan regional sabitliyə əsas təhlükəni yaradır, dövlət səviyyəsində daim separatizmi dəstəkləyir. Nazirin həmçinin, Ermənistanın qoşunların təmas xəttində gərginliyin artırılmasında maraqlı olduğunu diqqətə çatdırdığı bildirilir.

A.Libermanın isə iki ölkənin (Azərbaycan və İsrail) xalqları arasında mövcud olan tarixi kökləri, əlaqələri yüksək dəyərləndirdiyi, münasibətlərdən məmnunluğunu bildirdiyi qeyd edilir.

Verilən məlumata görə, görüşdə regional təhlükəsizlik, iki ölkə arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Həmçinin, müxtəlif ixtisaslı mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkilinin və qarşılıqlı maraq doğuran digər məsələlərin diqqət mərkəzində olduğu bildirilir.

Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün, sentyabrın 13-də Azərbaycana rəsmi səfərə gəlib.

Azərbaycan prezidenti İlham Əliyev elə sentyabrın 13-ü səhər saatlarında Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Həmin görüşdə Azərbaycanla İsrail arasında iqtisadi, hərbi, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafından məmnunluq ifadə edildiyi bildirilir.