11:29, 07 Fevral 2018 (Çərşənbə) 174

Azərbaycan-Çin biznes forumu keçirilib

Azərbaycan-Çin biznes forumu keçirilib
Fevralın 6-da Pekində Azərbaycan-Çin biznes forumu keçirilib. Tədbir iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Çinə səfəri çərçivəsində baş tutub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbir Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Çinin Kommersiya Nazirliyi və Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurasının təşkilatçılığı ilə düzənlənib.

Biznes-forumda sənaye, tikinti, nəqliyyat, logistika, investisiya, kimya, tekstil və s. sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirak etdiyi bildirilir.

Tədbirdə çıxış edən Şahin Mustafayev Azərbaycanın Çinlə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini, əməkdaşlığın bütün sahələrdə genişlənməsində maraqlı olduğunu vurğulayıb.

"Kəmər və Yol" təşəbbüsü çərçivəsində "Transxəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi"nin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. 2017-cı ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 43% artaraq 1,2 mlrd. dollar təşkil edib. Bu ölkəyə ixrac 2,1 dəfə artıb", nazir bildirib.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.

Tədbir çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında əməkdaşlıq memorandumunun imzalandığı bildirilir.