21:56, 20 Noyabr 2016 (Bazar) 130

“Azərbaycan Çexiya, Slovakiya və Polşa ola bilərdi…” - VİDEO

"Azərbaycan Çexiya, Slovakiya ola, Polşa səviyyəsində nəticələr əldə edə bilərdi, amma,  təəssüf ki, eyni düşərgədə olduğumuz Baltikyanı ölkələr səviyyəsində belə, deyilik”.

Toplum.Tv xəbər verir ki, bu fikri noyabrın 18-də  Azərbaycan Demokratiya və Rifah Hərəkatının  Beynəlxalq Mətbuat Mərkəzində "Azalan büdcə və artan israfçılıq" mövzusunda təşkil etdiyi tədbirdə hərəkatın sədri, iqtisadçı ekspert Qubad İbadoğlu səsləndirib.

Son 8 ildə Azərbaycanın  dövlət büdcəsinin hər 4 manatından 1 manatı tikintiyə xərclənib və bu xərcləmələr səmərəsiz olub.

Ekspert qeyd edib ki, 2017-ci il büdcə gəlirlərinin hər 100 manatından 49 manat 20 qəpiyi neft sektorunun payına düşür, bu isə büdcənin hələ də nefdən asılı olduğunu göstərir. 

2017-ci il dövlət büdcəsinin xərclərinə nəzər yetirdikdə, aydın görünür ki, idarəetmə ,mudafiə ve tikinti xərcləri təxminən büdcənin yarısını təşkil edəcək.

Qubad İbadoğlu büdcənin mesajlarını  şərh edərkən deyib ki,  özəlləşdirmə gəlirlərində ciddi dəyişiklik gözlənilmir. 

Ekspertin sözlərinə görə ödənişli təhsil haqlarında isə artım olacaq. 

Son 12 ildə "Regionlarin sosial-iqtisadi inkisaf proqramı” çərçivəsində büdcədən  39 milyard manat xərcləndiyini xatırladan Qubad İbadoğlu bu xərcləmənin də səmərəsiz olduğu qənaətindədir.

O həmçinin bölgələrlə bağlı büdcə xərclərindən də söz açıb. Belə ki, bu il  regionlara ayrılan dotasiyaların da azaldılacağı gözlənilir. 

Sonda isə ekspert büdcə ilə bağlı təkliflər irəli sürüb.

Turan İnformasiya Agentliyin rəhbəri Mehman Əliyev Azərbaycanda medianın vəziyyətini şərh edib. O bildirib ki, ölkədə azad media olsaydı, büdcə ilə bağlı narahatlıqlar daha geniş formada ictimai müzakirəyə çıxarılacaqdı.  

Tədbirdə təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl dövlətin təhlükəsizliyi ilə bağlı müzakirə olunan mövzulara toxunaraq, mövcud  vəziyyəti qiymətləndirib. 

Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə əlaqələndiricisi Əvəz Həsənov  isə büdcədən kənar vəsaitlər haqqında danışıb.

Qeyd edək ki,  2017-ci il üçün dövlət büdcəsinin  9 milyard 135 milyon  olacağı proqnozlasdırılır. Bu adambaşına düşən büdcə gəlirlərinin 925 dollar təşkil edəcəyi deməkdir. 

Qonşu Gürcüstanda bu rəqəmin 1070, Ermənistanda isə 1035 dollar olması proqnozlaşdırılıb. 

İzzətxanım Cabarlı
Toplum.Tv