17:36, 16 May 2018 (Çərşənbə) 271

"Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək" - Səməd Seyidov

"Bu sanksiya nə bizim söz demək imkanlarımıza məhdudiyyət qoya, nə də hansısa sənədlərin hazırlanması ilə bağlı məhdudiyyət yarada bilər".

Bunu Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, sanksiyalar sadəcə hansısa seçki missiyalarında iştirak, hansısa ölkəyə məruzəçi və sair bu kimi sahələrə tətbiq ediləcək: "Bu Azərbaycanın qurumda normal fəaliyyəti, Dağlıq Qarabağ probleminin çatdırılmasında fəaliyyəti üçün heç bir məhdudiyyət yaratmayacaq. Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək".

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞPA üzvlərinə qarşı sanksiyalar tətbiq edib.

APA-nın xəbərinə görə, sanksiyalar Pedro Arqamunta 10 il, digər üzvlər Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı 2 il ərzində qüvvədə qalacaq.