15:25, 02 Fevral 2018 (Cümə) 22

Azərbaycan adambaşına sərvətin həcminə görə 63-cü yerdədir

Azərbaycan adambaşına sərvətin həcminə görə 63-cü yerdədir
Dünya Bankı 141 ölkə üzrə sərvətlərin adambaşına həcminə dair hesabat açıqlayıb.

Qiymətləndirmə 2010-2014-cü illər üzrə orta statistik məlumatlar əsasında aparılıb. Azərbaycan adambaşına sərvətin həcminə görə 63-cü yerdə qərarlaşıb.

İqtisadçı Rövşən Ağayev deyir ki, adambaşına sərvət göstəricisi dörd komponentin cəmindən ibarətdir: təbii resurslar, fiziki kapital, insan kapitalı və xalis xarici aktivlər:

"Təbii resurların dəyəri neft, qaz, meşə ehtiyatları, kömür və s. kimi resursları əhatə edir. Fiziki kapital yaradılmış əsas fondlardan (bina, qurğu, maşın, avadanlıq, cihaz, texniki vasitələr və s.) ibarətdir. İnsan kapital əmək qabiliyyətli yaşda insanların ömür boyu yaratıqları diskontlaşdırılmış gəlirlər əsasında dəyərləndirlib. Xalis xarici aktivlər qeyri-rezidentlərin Azəbaycan qarşısında öhdəlikləri ilə (investisiya, əmanət, qiymətli metallar və s.) rezidentlərin xarici subyektlər qarşısındakı öhdəlikləri arasında nisbəti ifadə edir”.

İqtisadçı deyir ki, Azərbaycanda təbii resursların sərvətlərin cəmində payı 54 faiz, fiziki kapitalın payı 23.6 faiz, insan kapitalının çəkisi 14 faiz, xalis xarici aktivlərin payı 8.4 faizdir:

"İnsan kapitalının ümumi sərvətdə payına görə Azərbaycan 108-ci yerdədi və göründüyü kimi bu çox pis göstəricidir. Ən yüksək göstərici inkişaf etmiş ölkələrə məxsusdur. ABŞ-da 78, Fransada 65, Finlandiyada 64 faizdir. Təbii resursların ümumi sərvətdə payına görə, Azərbaycan 16-ci yerdədir. Hesabata görə, təbii yanacaq gəlirlərinin hökumətin ümumi gəlirlərində payı 80 faizə yaxın olub. Bu sektor üzrə aktivlərin hökumətin ümumi aktivlərində xüsusi çəkisi isə 50 faiz ətrafındadır”.

Azərbaycanda adambaşına düşən xarici borc isə 713 dollardır. Bu barədə 2017-ci ilin birinci rübündə açıqlanan hesabatda deyilir.

"Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəflərindən biri də dövrün sonuna ölkədə adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) həcmini iki dəfə artıraraq 13 min ABŞ dollarına çatdırmaq idi.

Sənəddə Azərbaycanın 2020-ci ilədək Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr” arasında tamhüquqlu ölkə olması hədəflənirdi. Məqsəd hazırda bu qrup ölkələr sırasında yer almanın əsas səbəbi olan karbohidrogen ixracından asılılığı aradan qaldırmaq, habelə BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən, "yüksək insan inkişafı” ölkələri qrupunda yuxarı sıralara yüksəlmək idi.
Meydan Tv