20:30, 11 İyun 2018 (Bazar ertəsi) 56

Azərbaycan 300 kilometri vura bilən raketler alıb

Azərbaycan 300 kilometri vura bilən raketler alıb
İyunun 11-də prezident İlham Əliyev Müdafiə Nazirliyinin Raket Qoşunlarının "N" saylı hərbi hissəsinin açılışında iştirak edib. 

"Azadlıq Radiosu"nun verdiyi məlumata görə, müdafiə naziri Zakir Həsənov dövlət başçısına raport verib. O, bildirib ki, hərbi hissənin inşasına 2017-ci ildə başlanıb.

Dövlət başçısı hərbi hissənin əsgər yataqxanasında yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev habelə, raketlərin saxlanması və döyüş maşınlarına yüklənməsi anqarına da baxıb.

Ali baş komandana əməliyyat-taktiki raket kompleksi olan "POLONEZ" barədə məlumat verilib:

Onun maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığının çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir.

"POLONEZ"in maksimal uçuş sürəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur.

Habelə bildirilib ki, əməliyyat-taktiki raket kompleksi olan "LORA"nın isə maksimal atış uzaqlığı 300 kilometrdən artıqdır.

Bu kompleksin raketinin çəkisi 1580 kiloqram, başlığının çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Sistemin bir maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir.

Bir sıra xəbər agentliklərinin məlumatına görə LORA raketləri İsrail istehsallıdır.