21:14, 11 Fevral 2018 (Bazar) 1311

Azər Qasımlı: “YAP guya partiyadır, amma..."

Azər Qasımlı: “YAP guya partiyadır, amma...
Hakim Yeni Azərbaycan Partiyası (YAP) qurultay keçirərək, hazırkı dövlət başçısı İlham Əliyevin yenidən prezidentliyə namizədliyini verdi. 

YAP-ın öz Nizamnaməsinə görə qurultay 4 ildən bir keçirilməli olduğu halda 5 ildən artıq idi ki, keçirilmirdi. Qanunla bu halda Ədliyyə Nazirliyinə məlumat verilməlidir. Ancaq aldığımız məlumata görə bu barədə YAP Ədiyyə Nazirliyinə  heç bir məlumat verməyib. 

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Toplum Tv-yə deyib ki, Ədliyyə Nazirliyinə  məlumat verməyə ehtiyac yoxdur: "Ancaq nizamnamə və proqramda dəyişiklik ediləndə xəbər verilir”.

REAL Hərakatının siyasi məsələlər üzrə sədr müavini Azər Qasımlı isə hesab edir ki, bu, YAP-ın qanunları pozduğu ilk və son hal deyil: "Qanunları necə qəbul edirlər göz önündədir. İstədikləri kimi referendum keçirir, Konstitusiyaya dəyişikliklər təklif edirlər. İstədikləri qanun layihələrini Milli Məclisə təqdim edir, onlar da müzakirəsiz qəbul edirlər. İctimaiyyətə də bu barədə heç nə demirlər. Məsələ burasındadır, onlar hətta özlərinin qeyri-demokratik, qeyri-şəffaf şəkildə qəbul etdikləri qanunlara özləri əməl etmirlər ki, bu da, çox absurd vəziyyət yaradır”. 
 

O qeyd edir ki, "Partiyalar haqqında” Qanuna görə, dövlət başçısı və məmurlar hər hansı partiyanın nəinki sədri, heç üzvü belə ola bilməz: "Bu məqamda da qanunvericiliyi pozurlar. Neçə illərdir qurultay keçirməyib, öz nizamnamələrini də pozurlar. Təbii ki, Ədliyyə Nazirliyi buna münasibət bildirməli idi, bildirməyib. 3 gün əvvəl qərar qəbul edirlər və istədikləri yerdə qurultaylarını keçirirlər. Sabah ReAL eyni yerə müraciət etsə, eyni yeri ona verəcəklərmi? Təbii ki, yox. Yəni Heydər Əliyev Mərkəzi YAP-a, yoxsa hər hansı icra strukturuna aiddir? Hər halda dövlətə aiddir, hər hansı ailənin, partiyanın mülkiyyəti deyil”.

Azər Qasımlı vurğulayıb ki, ReAL hətta qat-qat daha aşağı səviyyədə olan yerlərə müraciət edib, amma nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Mədəniyyət və Turizm İdarəsi onlara israrla yer verib: "Öz cavab məktublarında açıq şəkildə göstərirdilər ki, bizə bir daha bu məsələlərlə bağlı müraciət etməyin. Qısaca demək olar ki, qanunlar işləmir, ölkədə parlament yoxdur, YAP guya partiyadır, amma partiya funksiyasını da həyata keçirmir. Ölkədə yaranan absurd vəziyyətin adı, sadəcə, özbaşınalıqdır, təkhakimiyyətlilikdir”.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, YAP klassik anlamda dərk olunan siyasi partiya deyil: "YAP təzyiq qrupudur. Bu partiyanın qəbul etdiyi son qərar da, əslində, YAP-ın özünün nizamnaməsinə uyğun deyil. Sizin qeyd etdiyiniz qüsurlardan başqa çox ciddi bir problem mövcuddur. Qurultay partiyanın ali orqanıdır. Bütün üzvlərin seçdiyi nümayəndələrin keçirdiyi bir toplantıdır. Qurultaya nümayəndələr seçilməlidir. YAP iddia edir ki, 750 min üzvü var. Bu 750 min üzvün hər birinin seçmək və seçilmək və nümayəndə olmaq, nümayəndəyə səs vemək hüququ var”.
 

Arif Hacılı əlavə edib ki, bunun üçün təşkilatın özəklərində, loyal təşkilatlarda toplantılar keçirilməlidir, konfransda nümayəndələr seçilməlidir: "Bunlardan əvvəl qurultayın nümayəndəlik qaydası müəyyən edilməlidir. Bunların heç biri edilməyib, ona görə də, bu toplantının özünün qurultay adlanması belə gülüncdür. Azərbaycan hakimiyyəti, ümumiyyətlə, dövləti necə idarə edirsə, partiyanı da o şəkildə idarə edir. Ölkədə keçirilən seçkilər legitim olmadığı kimi YAP-ın özünün də keçirdiyi toplantılar legitim deyil və ən adi prosedurlara belə əməl olunmadan keçirilir”.

Gülzar N. Məmmədli
Toplum Tv