"Gündəlik qazancım da 3-4 manat olur"
İsmayıllı rayonunun sovet dövründən qalma, görünüşündən isə illərdir əsaslı təmir üzü görmədiyi sezilən avtovaqzalında balaca çayxana var. Avtobusun çıxma zamanını gözləyən və istidə susuzluğunu yatırmağa çalışan sərnişinlər kimi mən də bu çayxanaya baş çəkməli oldum.
Masaya görünüşündən kübar və xoş təsir bağışlayan bir xanım yaxınlaşdı. Yanında olan azyaşlı uşaqla müştərilərə xidmət göstərən qadının həyat tərzi istənilən jurnalistin diqqətini çəkərdi. Elə buna görə də onu söhbətə tutmaq, həyatı ilə maraqlanmaq qərarına gəldim.
Məlum oldu ki, çayxananı bacala "şərik”i və oğlu 4 yaşlı Ayxanla birgə işlədir. Avtovağzal rəhbərliyi buranı ona təmizlik işlərini görmək müqabilində verib.
33 yaşlı Validə Cəfərova dolanışığının buradan çıxdığını deyir. Bir də hökumətdən sosial müavinət alır:
"Deyiblər: "Avtovaqzalı təmiz saxla, günə də nə qədər çay satsan qazancı sənindir”. Gündəlik qazancım da 3-4 manat olur. Bir də görürsən arada 10 manat da olur”. (Gülür)
Validə Cəfərova deyir ki, hazırda oğlu Ayxanla yaşayır. Digər oğlunun isə üzünü illərdir görmür:
"13 yaşlı bir oğlum da var, hansı ki, üzünü sonuncu dəfə 7 aylığında görmüşəm. Onu da məndən, məni vaxtilə anadan ayırmış xalam alıb. Dəfələrlə sosial şəbəkələr vasitəsilə onunla əlaqə saxlamağa çalışsam da, hər dəfə qaşısını bir yolla alıblar”.
Söhbət etdikcə, mətbəxə daxil olduq. Burada çay dəmləyərkən söbətə davam edir:
"Atam buralıdır, anam isə rusdur. Rusiyadan gəlmə idi”.
Həyatının ən çətin dönəminin atasının vəfatından sonra başlandığını deyən Validə, bundan sonra anası və iki qardaşı ilə Rusiyadakı xalasının yanına köçməyə məcbur qalıb:
"Xalam təkid etdi ki, anam məndən imtina etsin, yoxsa qardaşlarımı və onu qəbul etməyəcək. Nəticədə anamı 3 uşaqla atacaq çölə. Mən də qız idim deyə qapı-qapı gəzməmək üçün məni uşaq evinə verdi. Belə daha yaxşı olar deyə düşündü. Kaş ki, verməzdi, kaş ki, elə qapı-qapı onunla sürünərdim”.
Uşaq evində gününün heç də xoş keçmədiyini deyir:
"Əllərimdəki döymələr uşaq evindən yadigardır. 13 yaşım vardı, ağım kəsmirdi bunları edəndə. Kimsəyə arzulamaram övladı uşaq evinə düşsün. Heç xoş hiss deyil. İndi də döymələri yandırmıram ki, səhv anlayarlar. Bilirsiniz axı bizim azərbaycanlıları, ya deyəcəklər əri yandırıb, ya da nəsə başqa şeylər düşünəcəklər.
Bayaq dediyim kimi, ailədə iki nəfərik. İki qardaşım da var. Bakıda yaşayırlar. Ünsiyyətimiz var, amma onların da sosial durumu yaxşı olmadığı üçün elə özlərini güclə dolandırıırlar. Anam isə bir neçə evvəl aramızdan ayrıldı. İndi oğlumla yaxınlıqdakı sığınacaqda yaşayırıq”.
Gənc ananın ən böyük arzusu evə sahib olmaqdır. Amma belə az gəlirlə bunu reallaşdıra biləcəyinə inanmır...
Toplum.tv
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.