22:30, 12 Fevral 2018 (Bazar ertəsi) 120

Çay emalı müəssisəsi yaradılır

Çay emalı müəssisəsi yaradılır
Azərbaycanda 2027-ci ilədək çay bitkisinin əkin sahələri 3000 hektara, yaşıl çay yarpağı yığımı 8,5 min tona çatdırılması planlaşdırılır.

"Fins.az"ın verdiyi xəbərə görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramında Azərbaycanda çayçılığın inkişafı aşağıdakı istiqamətlərdə zəruri işlərin görülməsi nəzərdə tutulur:

-  çay bitkisinin əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması;

- toxumçuluq və tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi;

- çayçılıq təsərrüfatları üçün əsas və köməkçi materiallar istehsalının və digər infrastruktur təminatının yaxşılaşdırılması;

- çay sahələrinin müasir becərmə texnikası ilə təminatının yaxşılaşdırılması;

- mövcud çay emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi və mütərəqqi texnika və texnologiyalar əsasında yeni çay emalı müəssisələrinin yaradılmasının təşviqi;

- çay məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi.