14:35, 17 May 2018 (Cümə axşamı) 108

AXCP üzvünün apelyasiya şikayəti təmin edilməyib

AXCP üzvünün apelyasiya şikayəti təmin edilməyib
Mayın 16-da Bakı Apelyasiya Məhkəməsi külli miqdarda qanunsuz narkotik maddə satışında ittiham olunan AXCP üzvü Orxan Baxışlının həbslə bağlı şikayətinə baxıb.

Apelyasiya şikayəti onun 4 ay müddətinə həbs olunması barədə Yasamal Rayon Məhkəməsinin 9 may tarixli qərarından verilib.

Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib. Müdafiə tərəfi həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət vermək niyyətindədir. Bu barədə Turan-a vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, fəal saxlanma şəraitindən və səhhətindən şikayət etməyib.

Ancaq o, cinayət işinin dayandırılmasını xahiş edib.

O.Baxışlı ittihamı rədd edərək deyib ki, heç siqaret də çəkmir. Onun sözlərinə görə, narkotik maddəni onun üzərinə polis əməkdaşları qoyublar.

O.Baxışlı mayın 7-də saxlanılıb. Müxalifətin 31 mart mitinqindən öncə də 30 sutka inzibati həbs edilmişdi.