16:15, 15 İyun 2018 (Cümə) 212

AXCP 3 fəalını axtarır

AXCP 3 fəalını axtarır
Son günlər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha üç fəalının saxlandığı bildirilir. Bu barədə AzadlıqRadiosuna AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli danışıb. Onun deməsinə görə, iyunun 13-ü axşam saat 19 radələrindən AXCP Gəncə şəhər təşkilatının sədri Bəxtiyar Əlizadə yoxa çıxıb:

«Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edilsə də, xəstəxanalar axtarılsa da, heç bir nəticə əldə etmək mümkün olmayıb».

N.Məmmədli B.Əlizadənin axtarışlarının davam etdiyini vurğulayıb:

«Bu yaxın saatlarda növbəti dəfə zəng edərək hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaq və təşkilat sədrinin taleyinə aydınlıq gətirmək cəhdlərimiz nəticəsiz qaldı. Onun harada saxlandığı və ya olduğu hələ ki, məlum deyil».

AXCP-dən yayılan məlumata görə, bir müddət öncə çirkli pulların yuyulmasında ittiham edilərək həbs olunan üç cəbhəçidən biri Ruslan Nəsirli saxlanmazdan öncə Gəncə şəhərində olan zaman B.Əlizadənin evində qalıb.

Partiyadan bildirildiyinə görə, dünən, iyunun 14-də Bakıda saxlanıb qeydiyyatda olduğu Şəki rayonuna aparıldığı deyilən AXCP yerli təşkilatının keçmiş sədri Rauf Əbdülrəhmanlı ilə bağlı isə əlavə məlumatlar alıblar. Onlara çatan məlumata görə, ona Şəki rayonunda 30 sutka inzibati həbs cəzası verilib. Ancaq bunun səbəbini aydınlaşdıra bilməyiblər.

Bunlardan başqa, təkbaşına aksiyalar keçirməsi ilə tanınan və bir neçə dəfə polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada həbs edilən Fizuli Hüseynovun da Bakıda saxlanılaraq, 9-cu Polis Bölməsinə aparıldığı deyilir. Onun iyunun 14-də REAL Partiyasının həbsdə olan sədri İlqar Məmmədova azadlıq tələbi ilə yenə təklikdə (iyunun 14-ü İ.Məmmədovun ad günü idi) aksiya keçirdiyi deyilir:

«Onun 9 saylı Polis Bölməsinə aparıldığı deyilir. Amma nə qədər cəhd etsək də, bununla bağlı hər hansı rəsmi informasiya ala bilmirik», - deyə N.Məmmədli qeyd edib.

AXCP-dən üç fəallarının saxlanması ilə bağlı deyilənlərə nə Daxili İşlər Nazirliyindən, nə də başqa rəsmi qurumlardan münasibət almaq mümkün olub.

Hazırda AXCP-nin 10-dan çox üzvü isə müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir.

Partiya onların hamısına böhtan atıldığını, siyasi sifarişlə tutulduqlarını bəyan edib.

Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.