13:27, 12 Mart 2018 (Bazar ertəsi) 874

Avropa Parlamenti seçkini müşahidə etməkdən niyə imtina etdi? - ŞƏRH

Avropa Parlamenti seçkini müşahidə etməkdən niyə imtina etdi? - ŞƏRH
Avropa Parlamenti Azərbaycanda keçiriləcək prezident seçkisini müşahidə etməyəcək. 

Qurum bununla bağlı martın 9-da açıqlama yayıb.

Bu məsələyə ictimaiyyət nümayəndələri fərqli münasibət sərgiləyib. 

Anar Məmmədli və Bəşir Süleymanlı Avropa Parlamentinin bu addımını təəssüf doğuran hal kimi qiymətləndirirlər.

Hüquq müdafiəçiləri hesab edirlər ki, Avropa Birliyi ilə Azərbaycanın münasibətlərinin kövrəkləşdiyi dövrdə Avropa Parlamentinin bu addımı tənqidi hesabat yaymamaq, hakimiyyətlə münasibətləri soyuqlatmamaq üçün atılıb.

"Mənə elə gəlir ki, Avropa Parlamentinin bu qərarı indiki dövrdə Aİ ilə hökumətin kövrək münasibətlərinə görədir. Onlar gəlsəydilər, seçki ilə bağlı hökumətin xoşuna gəlməyən hesabatla çıxış edəcəkdilər. Çünki seçki beynəlxalq standartlara uyğun keçirilmir. Hesab edirəm ki, bu vəziyyətə düşməmək üçün onlar, ümumiyyətlə, gəlməkdən imtina ediblər”, - deyə Bəşir Süleymanlı bildirib. 
 
 

Anar Məmmədli Avropa Parlamentinin seçkini müşahidə üçün gəlməsinin vacibliyini vurğulayarkən bildirib ki, müşahidə missiyası təkcə seçki gününü deyil, həm də seçkiöncəsi siyasi azadlıqlarla bağlı da ümumi mühiti qiymətləndirir. 
 

Onun sözlərinə görə, ölkədə ifadə azadlığı, birləşmək azadlığı, siyasi fəaliyyət imkanları çox acınacaqlıdır və bu məsələləri gəlib özlərinin görməsi və rəy verməsi çox arzuolunan idi: "Düşünürəm ki, imtinanın arxasında hazırda AB ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin imzalanması ilə bağlı müzakirələr durur. AP-nin strukturları müzakirələrin getdiyi məqamda hakimiyyətlə münasibətləri soyuqlatmaq istəmir. Çünki gəlsə, müəyyən məsələlərə münasibət bildirməli və tənqidi rəy verməli olacaqdı. Görünür bundan yayınıblar və mən buna çox təəssüf edirəm”.
 
Hüquqşünas Ələsgər Məmmədli isə məsələyə fərqli yanaşır. O hesab edir ki, müşahidəyə gəlmək bir nöqtədə mövcud vəziyyətin əslində real seçki mühiti olmadığını qəbullanmaqdır və AP gəlməməklə "legitim seçki” tablosunun təqdimatında maraqlı deyil. 
 
 

Onun fikrincə, Azərbaycandaki seçkini müşahidədən imtina ondan doğur ki, ölkədə normal demokratik institutlar yoxdur: "Media azadlığına, ifadə azadlığına, vətəndaş cəmiyyəti qurumlarının, siyasi institutların fəaliyyətinə ciddi problemlər yaradılıb, birləşmək, sərbəst toplaşmaq azadlığı ilə bağlı problemlər həllini tapmır, siyasi məhbus problemi davam edir, ədalət sisteminin fəaliyyətindən ciddi narazılıqlar var. Belə olan halda gəlib sadəcə seçki günü məntəqəyə hər kəs normal girdi-çıxdını təsdiqləmək mövcud konyukturanın davamına dəstək vermək olar. Seçkilər alternativsiz keçir, fərqli tərəflər yoxdur. Öncədən nəticə  müəyyəndir.  Mövcud prezidentin ətrafında onu dəstəkləyən bir qrup seçkiyə qatılır. Alternativsiz keçən, seçki mühitinin olmadığı seçki prosesini müşahidə etmək, bir formada mövcud vəziyyəti qəbul etmək və legitimləşdirmək olur. Amma Avropa Parlamenti, prosesi başından seçki kimi görməyib kənarda qalmaq və onu legitimləşdirilməsi prosesində qatqıda olmamaq yolunu seçib. Bu, əslində Azərbaycandakı seçkinin alternativsiz və demokratik prinsiplərə söykənmədən keçirilməsinin təsdiqidir”.
 
Deputat Aydın Mirzəzadə isə deyir ki, hansısa beynəlxalq təşkilatın ölkədə seçkiləri müşahidə etməsi vacib deyil.
 
 

Onun sözlərinə görə, seçki ilə bağlı gizlədəcək, narahat olacaq  bir məsələ yoxdur: "Hansısa beynəlxalq təşkilat qısa və ya uzunmüddətlik müşahidə missiyası göndərəcəksə, bunun üçün müvafiq şərait yaradılacaq”.
 
Gülzar N. Məmmədli
Toplum TV