13:27, 19 Aprel 2018 (Cümə axşamı) 149

Avropa Məhkəməsi Azərbaycanı cərimələdi

Avropa Məhkəməsi Azərbaycanı cərimələdi
İntiqam Əliyev, Ənnağı Hacıbəyli və Anar Məmmədli ilə bağlı qərar aşıqlandı

Avropa İnsan Haqları Məhkəməsi aprelin 19-da Azərbaycanla bağlı iki şikayət haqqında qərarını elan edib.

Şikayətlərdən biri hüquqşünaslar Ənnağı Hacıbəyli və İntiqam Əliyevin Vəkillər Kollegiyasına üzv qəbul edilə bilməməsi ilə bağlıdır.

Məlumatı vəkil Fariz Namazlı yayıb.

Qərarda qeyd olunub ki, Avropa Məhkəməsi Konvensiyanın 10-cu (ifadə azadlığı) maddəsinin pozulmasını, 6-cı (ədalətli məhkəmə araşdırılması hüququ) maddə üzrə araşdırmağa ehtiyac olmadığını, həmçinin hökumətin 34-cü maddə üzrə öhdəliklərini yerinə yetirmədiyini müəyyən edib. 34-cü maddə üzrə pozuntu ona görə tanınıb ki, İ.Əliyev 2014-cü ilin avqust ayında həbs edilərkən onun ofisində Baş Prokurorluğun əməkdaşları Avropa Məhkəməsində olan işlər üzrə sənədləri aparıblar. Məhkəmə hər bir ərizəçiyə mənəvi zərərə görə 7500 avro, Ə.Hacıbəyliyə məhkəmə məsrəflərinə görə 2500 avro ödənilməsinə qərar verib.


Digər şikayət Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli haqda 2013-cü ilin 16 dekabrında həbs qətimkan tədbirinin seçilməsi və uzadılması barədədir. Anar Məmmədlinin vəkili Elçin Sadıqov olub.


Avropa Məhkəməsi Konvensiyanın 5.1 və 5.4-cü (azadlıq hüququ) maddələrinin, həmçinin 18-ci maddəsinin (hüquqların siyasi məqsədlərə görə məhdudlaşdırılması) pozuntusunu tanıyıb, 5.3-cü maddə üzrə şikayətin ayrıca araşdırılmasına ehtiyacın olduğunu bildirib. Məhkəmə mənəvi zərərə görə 20 min avro, məhkəmə məsrəflərinə görə 2500 avro kompensasiya müəyyən edib.




meydan.tv