13:33, 15 Noyabr 2018 (Cümə axşamı) 162

Avropa Birliyi sammit keçirəcək

Avropa Birliyi sammit keçirəcək


/ DÜNYA
Avropa Birliyinin prezidenti Donald Task noyabrın 25-də qurum liderlərinin sammitini keçirməyə çağırıb. Məqsəd bir neçə aydır davam edən danışıqlardan sonra Britaniya hökumətilə əldə olunmuş Breksit razılaşmasının layihəsini təsdiqləməkdir.

"Qeyri-adi bir şey baş verməsə, Breksit sazişinin yekunlaşdırılması və rəsmiləşdirilməsi üçün Avropa Şurasının iclasını keçirəcəyik”, – Task noyabrın 15-də deyib.

Noyabrın 14-də axşam AB-nin təmsilçisi Maykl Barnier və Britaniyanın Baş naziri Tereza Mey ölkənin 28 üzvdən ibarət blokdan çıxması prosesini tənzimləyəcək 585 səhifəlik layihəni razılaşdırdıqlarını açıqlayıblar.

Ancaq Mey-in Britaniyanın İcmalar Palatasında bu sənədə dəstək qazana bilib-bilməyəcəyi bəlli deyil. Palata sənədi 2019-cu il martın 29-dək təsdiqləməlidir. Sənəd 21 aylıq keçid müddətini əhatələyir.

Sənəddə AB üzvü olan İrlandiya Respublikası ilə Böyük Britaniyanın tərkibindəki Şimali İrlandiya arasında sərhədin açıq saxlanması nəzərdə tutulur.

Breksit tərəfdarı olan siyasətçilərin çoxu sənədi pisləyib, onun Britaniyanı AB-yə çox yaxın saxlayacağını, hətta Breksit-dən sonra belə onun qaydalarına tabe etdirəcəyini bildirib.

AB tərəfdarı olan britaniyalı siyasətçilərdən bəziləri isə sənədin əleyhinə səs verəcəklərini deyiblər. Onlar bununla Breksit prosesinin uzanacağına, Britaniyanın qurumda qala biləcəyinə ümid edirlər.

Ancaq bu halda Britaniyanın AB-dən çıxması sazişsiz gerçəkləşə bilər ki, bu da ekspertlərin fikrincə, fəlakətli iqtisadi və hüquqi qarışıqlığa aparar.

Azadlıq Radiosu