11:16, 18 May 2018 (Cümə) 751

“Atam inəyimizi satıb pulunu verdi ki, məni fərari yazmasınlar... ”

“Atam inəyimizi satıb pulunu verdi ki, məni fərari yazmasınlar... ”
Erməni gülləsi ilə yaralandı,  fərari sayılıb əlillik dərəcəsi ala bilmədi...

Yaşadığımız cəmiyyətdə dövlətin diqqətinə və ciddi sosial qayğıya ehtiyacı olan, hüquqları pozulan vətəndaşlar arasında, təəssüf ki, həyatını ölkəmizin müstəqilliyi, azadlığı, həmçinin torpaqlarımızın bütövlüyü uğrunda təhlükəyə atan döyüşçülər də var. Cəlilabad rayon sakini Əkbər Rəhman oğlu Əkbərov da belələrindəndir.

Toplum.Tv "Qəribə tarixçə" rubrikasında Cəlilabad sakini Əkbər Əkbərovla müahibəni təqdim edir:  

-  Əkbər bəy, hansı illərdə hərbi xidmətdə olmusunuz və necə oldu yaralandınız?

- Hərbi xidmətə 1999-cu il iyul ayında çağırılmışam. Qazax rayonunda, cəbhə bölgəsində xidmət etmişəm. Xidmətdə olarkən, 2000-ci il dekabrın 19-u düşmən tərəfindən snayperlə ayağımdan vuruldum. Dekabr ayının 19-dan 2001-ci ilin fevral ayının 18-nə kimi Hərbi Hospitalda müalicə aldım. Bütövlükdə 2 il 7 ay xidmətdən sonra ehtiyata buraxıldım.

Ayağımdakı gülləni çıxarmaq üçün düz 3 dəfə əməliyyat olundum. Əlilliyimi təsdiq edən sənədlərimin olmasına baxmayaraq, əlillik dərəcəsi ala bilmirəm. Müraciət etdiyim yerlər isə məni çox get-gələ salırlar. "Get bir aydan, iki aydan sonra gələrsən” sözünü eşidə-eşidə artıq 18 il geridə qalıb.

- Bəs əlillik dərəcəsi verməməkdə nəyi səbəb gətirirlər?

- Bakıda Hərbi Hospitaldan çıxanda mənə dedilər ki, gedib Hərbi Komissarlığa müraciət edim və hərbi biletim gələn  kimi  qol çəkib alım. 
Amma hərbi hissədən zəng gəldi ki, məni fərari kimi yazıblar. Halbuki əmrim  dekabrın 11-i çıxmışdı və mən dekabrın 19-da Hospitala gətirilmişəm. Mən necə fərari ola bilərəm? Sonra fərari kimi yazılmamağım üçün məndən 200 dollar istədilər. Bir inəyimiz var idi, atam onu 200 dollara satıb pul göndərdi ki, məni fərari kimi yazmasınlar, hərbi biletimi alım. Amma məni aldatdılar, yaralanmağımla bağlı biletə heç nə yazmadılar.

- Bu məsələ ilə bağlı hansı aidiyyəti qurumlara müraciət etmisiniz, nə cavab veriblər?

- Müdafiə Nazirliyinə, Rayon İcra Hakimiyyətinə məktublar yazmışam. Problemimlə bağlı prokurorun yanında olmuşam. VTEK-də (Tibbi-sosial Ekspert Komissiyasının sovet dövründəki qısa adı- müəllif) dəfələrlə olmuşam. Axırda sənədlərimi toplayıb VTEK-ə versəm də,  itirib mənə verməyiblər. Axırıncı dəfə yenə bu ilin yanvarında VTEK-də oldum. Sənədlərimi kompüterlə Bakıya göndərdilər ki, baxılıb qrup təyin olunsun. Sonra adıma olan nömrəyə mesaj gəldi ki, mənim müalicəyə ehtiyacım olduğu üçün əlilliyimə imtina verilib. Hazırda ayağımda dözülməz ağrılar və keyimə var. Damarım şişir. Buna görə yenə də əməliyyat olunmalıyam. 

- Sizcə, aidiyyəti qurumların müraciətlərinizə biganə qalmasının səbəbi nə ola bilər?
- Yəqin ki, imkansızlıq, pulumun olmaması...

- Əkbər bəy, əlillik dərəcəsi verilmir sizə və təqaüd ala bilmirsiniz. Bəs dolanışığınızı necə təmin edirsiniz?
- Özüm ailəliyəm. Üç övladım var. İşləmirəm. Beş qardaşıq, bir yerdə yaşayırıq. Atamın, anamın təqaüdünə baxırıq...

- Müharibə olsa, bütün olanlara rəğmən, yenə də vuruşmağa hazırsınızmı?
- Əlbəttə, hər zaman hazıram. Bu, minnət borcu da deyil, şəxsi vətən borcudur.

Nuray Rəşidli,
Toplum.TV