18:00, 05 Noyabr 2018 (Bazar ertəsi) 165

Aslan İsmayılov məhkəmənin qərarından narazı qalıb

Aslan İsmayılov məhkəmənin qərarından narazı qalıb
Xuliqanlıqda suçlanan hüquqşünas Aslan İsmayılovun haqqındakı cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Noyabrın 5-də Binəqədi Rayon Məhkəməsində hakim Mirheydər Zeynalov bu barədə qərarı elan edib. Qərar A.İsmayılovu narazı salıb və nəticədə məhkəmədə tərəflər arasında kəskin mübahisə yaranıb.

2017-ci ilin oktyabrında Binəqədi Rayon Məhkəməsində qapını çırpıb, divarın suvağını dağıdıb, səs-küy salıb xuliqanlıqda təqsirləndirilən A.İsmayılov özəlliklə bu məhkəmənin hakimi Rəşad Əliyevin dindirilməsində israrlıydı. İddia olunur ki, A.İsmayılov Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı şərəf və ləyaqətin müdafiəsiylə bağlı iddiası üzrə qərardan narazı qaldığına görə xuliqanlıq edib. Həmin qərarı da hakim R.Əliyev çıxarıb. O, istintaq vaxtı şahid qismində dindirilib və A.İsmayılovun əleyhinə ifadə verib.

«Siz keçən iclasda dediniz ki, hakim Rəşad Əliyev məzuniyyətdədir, ona görə məhkəməyə gəlməyib. Biz isə çıxanda gördük ki, o, başqa bir məhkəmə zalında işə baxır. İndi yenə gələndə bizim qarşımızdan keçdi. Yalan danışmaq ayıb deyilmi?», – A.İsmayılov bir daha hakim-şahidin dindirilməsində israr edib.

Hakim isə sənədlərin tədqiqi mərhələsinə keçib. İstintaqda dindirilən, lakin məhkəməyə gəlməyən şahidlərin ifadələri elan olunub. Məlum olub ki, dindirilən şəxslər arasında H.Hacıyev, onun köməkçisi Əli İmanov da var. Ə.İmanov A.İsmayılovun onu vurduğunu, nəticədə yıxıldığını və kürəyinə dəmir batdığını iddia edib. Hətta əvvəl onu zərərçəkmiş qismində tanıyıblar. Sonradan onun zərərçəkmiş statusuna xitam verilib.

A.İsmayılov onun rəyinin nəzərə alınmamasına, dindirilməsini vacib saydığı şahidlərin çağrılmamasına etiraz edib: «Bilsəm ki, mənə bəraət verəcəksiz, yenə də bu şəkildə məhkəmə aparılmasına razı ola bilmərəm. Təkid edirəm, bütün şahidlər dindirilsin. Niyə mənim haqqımda yalan ifadə veriblər, onlara kim təzyiq edib – bu məsələlər aydınlaşsın. Bu vəziyyətdə məhkəmə istintaqını yekunlaşdırmaq qanunsuzluqdur, özbaşınalıqdır, cinayətdir. İnsanın abır-həyası olar...».

Hakim A.İsmayılovun məhkəməyə qarşı hörmətsizlik etdiyini bildirərək, ona protokol qaydasında xəbərdarlıq edib. Elan edib ki, məhkəmə istintaqı yekunlaşdı.

Ardınca çıxışlar mərhələsi başlayıb. Prokuror hazırlaşmaq üçün vaxt istəyib. Dövlət ittihamçısı noyabrın 12-də A.İsmayılova cəza istəyəcək.

Aslan İsmayılov CM-in 221.1 (xuliqanlıq) maddəsi ilə ittiham olunur. Bu maddədə 1000 manatdan 3000 manatadək cərimə, 1 ilədək islah işləri və ya azadlığın məhdudlaşdırılması, yaxud da 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Lakin o, ittihamı qəbul etmir və ictimai fəaliyyətinə görə sifarişlə təqib olunduğunu bildirir. Məhkəmədə də deyib ki, özəlliklə Milli Onkologiya Mərkəzində korrupsiya halları barədə açıqlamalarından sonra təqiblər güclənib.

Bu cinayət işi ilə paralel A.İsmayılova qarşı xüsusi ittiham qaydasında iki iddia qaldırılmışdı.

Müasir Müsavat Partiyasının sədri H.Hacıyev və «Xəmsə» şadlıq sarayının sahibi Mürvət Həsənli hüquqşünasın sosial şəbəkələrdə onları təhqir etdiyini, böhtan atdığını iddia edərək, onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyirdi.

Səbail Rayon Məhkəməsinin qərarı ilə həmin iddialar əsasında hüquqşünas məhkum edildi, ona pul cəriməsi və islah işləri cəzası kəsildi. Bakı Apellyasiya Məhkəməsi də qərarları qüvvədə saxlayıb.