17:39, 13 İyun 2018 (Çərşənbə) 268

Asif Yusiflinin şikayəti təmin olunmadı

Asif Yusiflinin şikayəti təmin olunmadı
AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli ötən ilin oktyabrında Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar işinə baxılmasını istəyir. O, bu məqsədlə Suraxanı Rayon Məhkəməsinə müraciət etsə də, ərizəsi təmin olunmayıb. A.Yusifli həmin məhkəmə qərarından apellyasiya şikayəti verib.

İyunun 13-də Bakı Apellyasiya Məhkəməsində A.Yusiflinin şikayətinə baxılıb. Amma məhkəmədən onun vəkili və yaxınları da daxil olmaqla, heç kimin xəbəri olmayıb. Çünki onlara bildirilib ki, məhkəmə günorta saat 14:15-də olacaq. Məhkəmənin internet səhifəsində də prosesin vaxtı elə göstərilib. Həmin vaxt məhkəməyə gedəndə isə məlum olub ki, proses səhər keçirilib. Rizvan Səfərovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin etməyib.

«Məhkəməni xəlvət keçiriblər. Asif Yusiflinin heç bir günahı yoxdur. Onun həbsinin əsl səbəbi özü kimi Qarabağ qazisi olan Zaur Həsənovun intihar həddinə çatdırılmasına etiraz etməsi, bununla əlaqədar şəhərin mərkəzində mitinq təyin etməsi olub. Qarabağ uğrunda döyüşlərdə sağlamlığını itirib əlil olmuş bir adamı buna görə dörd ildir ki, həbsdə saxlayırlar», – məhkəməni izləməyə gəlmiş AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna bildirib.

A.Yusifli 2014-cü il noyabrın 25-də saxlanıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə işdə olan yüngülləşdirici halları nəzərə alıb, 62-ci (minimum cəzadan aşağı hədd) maddəni tətbiq edərək, cəza müddətini 6 ilə endirib.

İttihamda yazılıb ki, iş üzrə zərərçəkmiş Fəridə Zülfüqarova Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova çatdırmaqdan ötrü A.Yusifliyə 6 min 500 manat verib.

Məhkəmə prosesi zamanı R.Hüseynov etiraf edib ki, pulu alıb və A.Yusiflinin burada təqsiri yoxdur. Zülfüqarova da ziyanın ona ödənilməsi ilə əlaqədar şikayətdən imtina edib.

A.Yusifli ittihamı qəbul etmir, həbsini siyasi sifariş sayır.