19:40, 20 İyul 2018 (Cümə) 768

“ASAN imza” bahalaşır

“ASAN imza” bahalaşır
"Azercell Telekom” MMC "ASAN imza”-nın aylıq abunə haqqını gələn aydan etibarən 2.5 manat etmək qərarına gəlib. 

Hazırda abunə haqqı 1 manatdır.

Bu qərar sosial şəbəkələrdə tənqid edilib. 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz feysbuk səhifəsində yazıb ki, "ASAN imza” milyonlarla vəsait xərclənən bir dövlət layihəsidir. 
 

Bu layihənin gerçəkləşməsində ASAN və Vergilər Naziriyi, həmçinin "Best Solutions” və "CyberNet” şirkətləri və yerli mobil operatorlar iştirak edib.  

Azərbaycan İnternet Forumunun prezidenti  bildirib ki, ilkin dövrlərdə "ASAN imza”nın qiyməti hədsiz yüksək müəyyən olunmuşdu və yalnız "Azercell”-dən almaq mümkün idi. Qısa zamanda dövlət və özəl sektor məcburi qaydada bu imzaları əldə etməli oldu. 
"Azercell” "ASAN imza” ilə bağlı qiymət artımını "Best Solutions” şirkətinin üzərinə atıb. Belə çıxır ki, sıradan bir şirkət dövlət layihəsi ilə yaranan bir xidmətin qiymətini əsassız şəkildə 2.5 dəfə qaldıra bilər”-deyə Osman Gündüz əlavə edib. 

Məsələyə iqtisadçılar Azər Mehtiyev və Samir Əliyev də münasibət bildirib. Onların fikrincə, "ASAN İmza” layihəsi ləğv edilməlidir.
 
 
 

"Mobil operatorların açıqlamasına görə "ASAN İmza”-da qiymət artımının səbəbkarı "BEST SOLUTİONS” adlı şirkətdir. Görünür, şirkət uğurlu həll yolunu qiymət artımında görüb. "ASAN İmza” mexanizminə yenidən baxılmalıdır və daha uğurlu mexanizmlər tapılmalıdır. Fikrimcə, indiki mexanizm saxlanacağı təqdirdə vergi (e-qaimə) və sosial sığorta (hüquqi şəxslər) hesabatları üçün bu mexanizm ləğv edilməlidir və ya hökumət bu xidmətin xərclərini üzərinə götürməlidir”, -deyə iqtisadçı Samir Əliyev bildirib.
"Azercell” şirkətinin mətbuat xidmətindən isə "Modern”-ə bildiriblər ki, buna xidmətin maya dəyərini təşkil edən zəruri xərclərin əhəmiyyətli dərəcədə artması səbəb olub: "Odur ki, göstərilən tarif dəyişikliyinin respublikanın mobil kommunikasiya bazarında fəaliyyət göstərən digər mobil operatorlar tərəfindən də eyni 15.08.2018-ci il tarixindən etibarən tətbiqi nəzərdə tutulur. Bütün qeyd olunanları nəzərə alaraq, ayrı-ayrı şəxslər tərəfindən sosial media vasitəsilə "Azercell Telekom” MMC-yə qarşı yönəldilmiş "inhisarçılıq”, "soyğunçuluq” və sair tipli qərəzli ittihamlar tamamilə əsassızdır və qüvvədə olan qanunvericilikdə həmin şəxslərin məsuliyyətini nəzərdə tutan təqsirli əməli təşkil edir”.

Məlumatda o da bildirir ki, qiymət artımı ilə bağlı təklif "ASAN İmza” xidmətinin birbaşa təminatçısı "Best Solutions” şirkəti tərəfindən irəli sürülüb.

Nigar Mübariz
Toplum Tv