18:46, 26 Aprel 2018 (Cümə axşamı) 113

Aqramunt fahişə iddiaları barədə: Kaş elə şeyləri bacaraydım

Aqramunt fahişə iddiaları barədə: Kaş elə şeyləri bacaraydım
AŞPA-nın keçmiş sədri seksual qabiliyyətinin olmadığını deyib

İspaniyanın SER televiziyasına müsahibə verən AŞPA-nın keçmiş prezidenti Pedro Agramunt Azərbaycandan bahalı hədiyyələr, pul və fahişələr qəbul etdiyi bildirilən hesabatı "219 səhifəlik yalan” adlandırıb.

Fahişə iddiaları ilə bağlı suala isə AŞPA-nın keçmiş prezidentinin cavabı belə olub: "Kaş elə şeyləri bacarsaydım”.

O, daha sonra dediklərinə aydınlıq gətirərək "kaş”ı fahişələrlə münasibətlərə deyil, seksual qabiliyyətinə aid etdiyini söyləyib.

Aprelin 22-də açıqlanan hesabatda iddia olunur ki, Agramunt bunları qurumda Azərbaycanla bağlı tənqidi susdurmaqdan ötrü qəbul edib.

Aprelin 26-da AŞPA korrupsiyada və etika qaydalarını pozmaqda suçlanan indiki və keçmiş üzvlərinə sanksiyalar tətbiq edib-etməməyi müzakirəyə çıxarır. Avropa Şurası 10 ay ərzində apardığı təhqiqatın sonucunda Agramunt daxil olmaqla həmin şəxslərin Azərbaycana münasibətdə korrupsiyaya yol verdiyini iddia edib.

Bundan sonra AŞPA-nın Proseduralar Komitəsi "korrupsiya xarakterli fəaliyyətdə” şübhəli bilinənlərin cəzalandırılmasını tələb edib.

Sənəddə ispaniyalı deputatın "korrupsiya xarakterli fəaliyyətdə iştirakına dair güclü şübhələrin olduğu” bildirilir. İddia olunur ki, Agramunt AŞPA prezidenti seçilməsinin təmin edilməsindən ötrü 200 min avro (243 min 520 dollar) alıb. Tətillər, zinət əşyaları və saatlar daxil bahalı hədiyyələr, eləcə də 2015-ci ildə Azərbaycana seçki missiyası zamanı rüşvət kimi fahişələri qəbul etdiyi bildirilir.

Agramunt AŞPA üzvlüyündən istefa verməyəcəyini söyləyib.

O, ötən il qurum prezidentliyindən uzaqlaşdırılıb. Suriyaya gedərək prezident Bəşər Əsədlə görüşməsinə görə həmkarları ona etimadsızlıq göstərib.

Aprelin 26-da Agramuntun Prosedurlar Komitəsindəki qapalı iclasda iştirakı gözlənir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri indiyədək korrupsiyayla bağlı deyilənləri rədd edib. 

Hesabatda adı çəkilən Elxan Süleymanov yerli mediaya açıqlamasında bu sənədin konkret sübut ortaya qoymadığını bildirib. Amma bundan sonra Milli Məclisin sədrinin qərarı ilə AŞPA-da Azərbaycan nümayəndə heyətinin tərkibindən qalmaqalda adları hallanan Elxan Süleymanov və Müslüm Məmmədov çıxarılıblar.///meydan.tv