11:44, 19 İyul 2018 (Cümə axşamı) 137

Anar Bağırov:" 10 min nəfərə 15 nəfər vəkil düşəcək"

Anar Bağırov:
"Azərbaycanda vəkillərin sayı xeyli artıb və artmaqda davam edir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, əgər üç ay bundan əvvələdək 10 min nəfərə 9 vəkil düşürdüsə, indi 15 nəfər vəkil düşəcək: "Yəni, ötən ilin sonunda Azərbaycanda cəmi 920 vəkil var idisə, bu gün onların sayı 1500-dən çoxdur".

Sədr qeyd edib ki, vəkiliyə böyük həvəs var: "Gənclər vəkil olmaq üçün böyük həvəs göstərirlər. Bu da ölkədə vəkilliyin gücünün artması ilə bağlıdır".

A.Bağırovun sözlərinə görə, ilin sonunda kimi vəkilliyə qəbulla bağlı daha bir imtahan keçiriləcək.

Vəkillər Kollegiyasında son yeddi ayda xeyli vəkilin fəaliyyəti dayandırılıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və digərləri var.

Y.İmanov istisna olmaqla, digərlərinə bir illik məhdudiyyət tətbiq olunub.

Buna qədər isə Aslan İsmayılov, Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışovun vəkillik fəaliyyətinə xitam verilib.

Ən son olaraq, bu yaxınlarda vəkil İradə Cavadova cəzalandırıb.

Vəkillər barəsində cəza qərarları əsasən, hüquq-mühafizə qurumlarının - Daxili İşlər Nazirliyi orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Baş Prokurorluğun müraciətləri əsasında verilib.

Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir. Vəkillər Kollegiyası bu iddiaları rədd edir.