14:05, 03 Yanvar 2017 (Çərşənbə axşamı) 154

Amerikalılar Trumpa inanmırlar

Amerikalılar Trumpa inanmırlar
Amerikalıların çoxu yeni seçilmiş prezident Donald Trump-ın öhdəliklərini yerinə yetirə biləcəyinə inanmır. "Gallup" sorğu təşkilatının araşdırmaları belə deməyə əsas verir.

Sorğular göstərir ki, ABŞ vətəndaşlarının cəmi 46%-i D.Trump-ın beynəlxalq böhranın öhdəsindən gələcəyinə ümidlidir. Onun hərbi gücdən müdrikliklə yararlanacağına inananların göstəricisi 47%-dir. Respondentlərin cəmi 44%-i D.Trump-ın administrasiyasındakı qalmaqalların qarşısını ala biləcəyinə əmindir.

"Gallup" əvvəlki prezidentlər – Barack Obama, George W.Bush və Bill Clinton hakimiyyətə gəlməzdən öncə aparılmış sorğularda amerikalıların 10-dan 7-nin onlara etimad göstərdiyini xatırladır.

KONQRESLƏ ƏMƏKDAŞLIĞA İNAM BÖYÜKDÜR

"Gallup" sorğu zamanı əhalinin yeni prezidentə 7 məsələdə güvəni olub-olmadığını yoxlayıb. Bəlli olub ki, ABŞ əhalisi daha çox D.Trump-ın Konqreslə effektiv işləyəcəyinə (60%), iqtisadi çətinliklərin öhdəsindən gələcəyinə (59%), xaricdə ölkənin maraqlarını qoruyacağına (55%), icra orqanlarının işini tənzimləyə biləcəyinə (53%) inanır. Amma sorğu təşkilatı bu məsələlərdə də D.Trump-a etimad göstərənlərin sayının əvvəlki prezidentlərlə müqayisədə az olduğunu vurğulayır.

Sənəd müəlliflərinin fikrincə, D.Trump-ın iqtisadi çətinlikləri yoluna qoyacağına inam onun şəxsi biznesiylə bağlıdır. İqtisadiyyat D.Trump-ın seçki kampaniyası zamanı da ən çox vurğulanan məsələlərdən olub.

Sorğular demokratların arasında D.Trump-ın işini bacaracağına inananların çox az olduğunu göstərib. Məsələn, yeni prezidentin administrasiyasındakı qalmaqalları önləyə biləcəyinə əmin olan demokratlar sorğuya qatılanların cəmi 14%-ni təşkil edib. Ən böyük göstərici prezidentin Konqreslə əməkdaşlığına inananların göstəricisidir – 35%.

Amma respublikaçıların 77%-dən 90%-ə qədəri D.Trump-ın prezident kimi işinin öhdəsindən gələcəyinə əmindir.

84% VS. 95%

Bununla belə, "Gallup" D.Trump-a etimad edənlərin həm tərəfdarları, həm də müstəqil respondentlər arasında az olduğunu, daha doğrusu, Obama və Bush-la müqayisədə az olduğunu qeyd edir. Partiyadaşları arasında D.Trump-a dəstək olanların göstəricisi ümumilikdə 84%-dir. Obama və Bush-un həmin göstəricisi 95% olub.

Sorğu müəlliflərinin fikrincə, rəqəmlərə şəxsən D.Trump-a münasibətlə yanaşı, dövlətə münasibət də təsir edib. "Gallup" son sorğuların amerikalıların dövlət idarəçiliyinə – dövlətin daxili və beynəlxalq problemləri həll edə biləcəyinə inamının azaldığını göstərdiyini qeyd edir. ABŞ əhalisinin prezident institutuna da etimadı bütün əvvəlki illərə nisbətən azdır – 33%-dir.

Bütün bunlar yeni prezident D.Trump-ın sələfləriylə müqayisədə Ağ Evdə daha çətin şəraitdə işləməyə başlayacağını göstərir.

D.Trump prezident kimi yanvarın 20-dən ­­­– inauqurasiya mərasimindən sonra fəaliyyətə başlayacaq.