17:59, 14 May 2018 (Bazar ertəsi) 768

"Ağlıma gətirməzdim ki, haçansa müəllim olacağam" - Əlləri ilə "danışan" müəllim

Nuranə Abıyeva işarət dilində fəaliyyət göstərən tədbir və layihələrin təşkil edilməsini həyata keçirən komandanın rəhbəridir. 

O, hazırda insan resursları üzrə menecer kimi fəaliyyət göstərir. Eyni zamanda bacardıqca işarət dilini tanıtmağa çalışdığını deyir.

Toplum.Tv Nuranə Abıyevlə müsahibəni təqdim edir: 

- Nuranə xanım, işarət dilinə maraq haradan yaranıb, bu dili necə öyrənmisiniz? 

- Danışanda  jest və mimikalardan çox istifadə edirdim. Ona görə də "sözləri dilə gətirmədən necə ifadə etmək olar" fikri mənə maraqlı gəldi. Bu dili öyrənmək üçün Azərbaycanda geniş şəraitin olmadığını gördüm. Bu səbəbdən məndə mükəmməl öyrənib tanıtmaq ideyası yarandı. Necə öyrənməyimə gəlincə, bunu eşitmə və danışma əngəlli dostlarımın sayəsində öyrənmişəm. Bəlkə də, buna görə bu dilə sevgim bir az da artıb.

- Müxtəlif yerlərdə dərslərlər keçib bu dili tanıdır və öyrədirsiniz. Bəs insanlarda bu dilə maraq daimidir, yoxsa ötəri?

- Ötəri həvəs deməzdim. Təlimlərdən sonra yaxınlaşıb bu dili öyrənmək istədiyini deyən, mənimlə eyni layihələrdə iştirak edən insanların heç birində ötəri həvəsi görməmişəm.

- İşarət dilini öyrətməklə hansı hədəfə çatmaq istəyirsiniz?

- Əslində, işarət dilində gözləmədiyim hədəfə çatmışam. İstər insanların bu dilə marağı, istər bu dili öyrənmək üçün ətrafıma yığışan gənclər, istərsə də bölgələrdən bu dili tanıtmaq üçün dəvətlər göndərənlərin sayının çoxluğu gözləmədiyim bir hədəfə çatdığımı göstərir. Eyni zamanda məni işarət dili müəllimi kimi də tanıyırlar. Heç vaxt ağlıma gətirməzdim ki, haçansa müəllimlik edə bilərəm və mənə müəllim kimi müraciət edərlər. 

- Bundan sonrakı hədəfləriniz nədir? 

- Bundan sonrakı hədəfim hansısa Tv-də aparıcı olmaq istərdim. Bu sahəni çox sevirəm. Tv-lərdə surdotərcümə (Sözün jestlərlə ifadəsi. N.Ə) inkişaf etməyib. Əsas hədəfim də Tv-də işlədiyim müddətdə bütün görüntöləri surdotərcümə ilə çatdırmaq olacaq.

Nazlı Əliyeva
Toplum.Tv