13:33, 18 Sentyabr 2018 (Çərşənbə axşamı) 359

Ali Məhkəmə Əfqan Muxtarlını həbsdə saxlayıb

Ali Məhkəmə Əfqan Muxtarlını həbsdə saxlayıb
Sentyabrın 18-i Ali Məhkəmədə Fərhad Kərimovun sədrliyi ilə jurnalist Əfqan Muxtarlının kassasiya şikayətinə baxılıb.

Jurnalist Şəki Apelyasiya Məhkəməsinin qərarından şikayət verib. Ə Muxtarlı özü prosesdə iştirak etməyib.

Vəkil Elçin Sadıqov şikayəti dəstəkləyib, məhkəmədən onu təmin etməyi və jurnalistə bəraət verməyi xahiş edib. Amma prokuror Rövşən Tağızadə məhkəmənin qərarını qüvvədə saxlamağı xahiş edib.

Qısa müşavirədən sonra məhkəmə kollegiyası jurnalist barəsində hökmün qüvvədə saxlanması barədə qərarı elan edib.

Əfqan Muxtarlı dövlət sərhədini qanunsuz keçmək, qaçaqmalçılıq və hakimiyyət nümayəndəsinə qarşı güc tətbiq etmək barədə uydurma ittihamlarla 6 il müddətinə azadlıqdan məhrum edilib.

Əslində o, 2017-ci ilin mayında Tbilisinin mərkəzində Gürcüstanın polis işçiləri tərəfindən saxlanılıb və Azərbaycan nümayəndələrinə təhvil verilib.

Amnesty İnternational təşkilatı onu "vicdan məhbusu" kimi tanıyıb.