14:41, 22 Aprel 2018 (Bazar) 1194

"AKP seçkilərdə həmişə məğlub etdiyi “pəhləvan"la “güləşmək” istəyir" - MÜSAHİBƏ

Türkiyədə bu il, 2018-ci il iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. 

Prezident Rəcəb Tayyip Ərdoğan aprelin 18-də deyib ki, təcili olaraq, prezident üsul-idarəsinə keçmək lazımdır. Ona görə də seçki bir ildən də çox qabağa çəkilir. Türkiyədə parlament və prezident seçkiləri 2019-cu ilin noyabrına planlaşdırılırdı.

Növbədənkənar seçkilərlə bağlı təklif Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalıdan gəlib. O, bu təklifi aprelin 17-də səsləndirib. 

Təklif aprelin 20-də Türkiyə Böyük Millət Məclisində səsverməyə çıxarılıb və 386 səslə qəbul edilib. 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Türkiyədə keçiriləcək seçkilərlə bağlı Toplum.Tv-nin suallarını cavablandırıb: 

- Türkiyədə növbədənkənar seçkilərin keçirilməsinin səbəbləri barədə danışardınız…

- Türkiyədə növbədənkənar seçkilərin keçirilməsinin iki böyük səbəbi var: birincisi, iqtisadi, ikincisi də siyasi səbəblərdir. 

İqtisadçıların rəyləri var ki, ölkədə işsizlik həll oluna bilmir, aktual problem olaraq qalır.  Faizlər yüksəlir, dolların və digər valyutaların qiyməti artır, bu da ölkədə, xüsusən özəl sektorun iqtisadi imkanlarını məhdudlaşdırır. İnfilyasiya artır, ölkədə istehsal sahəsində ciddi problemlər var. Çox ciddi cari açıq deyilən borc var ki, xaricdən almaqla nəticələnir, bəzi böyük şirkətlər öz borcları ilə bağlı problemlər yaşadı. Bununla bağlı da banklarla müəyyən razılığa gedildi, yəni "daha sonra ödəyim" şəklində. Bununla bağlı analitik rəyləri də var. Beynəlxalq iqtisadi qurumların da getdikcə bu istiqamətdə rəylərində mənfi çalarlar artmağa başlayıb. Düşünülürdü ki, bu proses bu qədər davam etdirilə bilməz. Bu səbəbdən iqtisadi baxımdan daha pis variantla seçkilərə getmək yerinə, seçkiləri erkənə alıb, bunun siyasi mahiyyətindən qaçmaq lazımdır. Çünki problemlərin qarşısını almaq üçün sərt tədbirlər almaq lazım idi ki, bu da kütlənin narazılığına səbəb olacaqdı. Bu seçkidə özünü mənfi şəkildə göstərə bilərdi. Ancaq əvvəl seçki keçirdib sonra sərt tədbirlər alanda bunun siyasi mahiyyəti olmayacaq.

İkincisi, siyasi məsələdir. Bilirsiniz, prezident seçkilərinin qabağa çəkilməsi Millətçi Hərəkat Partiyasının (MHP) lideri Baxçalının təklifi ilə gündəmə gəlib. O, 26 avqust üçün bu təklifi irəli sürmüşdü. Siyasi səbəbləri belə izah etmək olar ki, birincisi, 2019-cu ilin axırı yetərincə uzunmüddətlidir. Bu dönəmə gedənə qədər siyasi problemlər ortaya çıxa bilər. Bu siyasi problemlərdən biri İYİ Partiyası və ona müttəfiq ola biləcək Səadət Partiyası daha yaxşı təşkilatlanmaq və seçkilərə daha yaxşı hazırlaşmaq üçün daha çox zamanı olacaqdı. Bu da MHP-yə veriləcək səslərin böyük hissəsinin İYİ Partiyasına getməsi ilə nəticələnəcəkdi. Eyni şəkildə İyi Partiyası iqtidar partiyasından da səs qopara biləcəkdi. Bu isə nə MHP-yə, nə AKP yə sərf edərdi. İYİ Partiyasını hazırlıqsız tutmaq üçün erkən seçkilər nəzərdə tutuldu. Seçkilərin 24 iyuna təyin olunması müddəti daha da qısaltdı və İYİ Partiyasının hüquqi baxımdan seçkilərə qatıla biləcəyini sual altına düşürdü. Belə bir sual ortaya çıxdı ki, qurultaydan 6 ay keçməmiş seçkilərə qatıla biləcəkmi? 

Başqa bir siyasi nüans da AKP ilə MHP arasında yarana biləcək problemlərdir. Hər ikisinin də ittifaqla bağlı müəyyən problemləri var. Bu problemlər bələdiyyə seçkilərində konkretləşəcək. Çünki bu ittifaq prezident seçkiləri üçün nəzərdə tutulub. Ancaq hər ikisinin bələdiyyə seçkilərində ittifaqı nəzərdə tutulmayıb. Seçki məsələləri uzandıqca AKP ilə MHP arasındakı ittifaq pozula bilər. Manisa hadisələrində bunu gördük. Manisa bələdiyyəsinin başqanı MHP-li idi.Türkiyənin Baş naziri Binəli Yıldırım oradakı çıxışında dedi ki, Manisanın açarını istəyirik. Bu isə oradakı bələdiyyə ilə iqtidar partiyası arasında ciddi gərginlik yaratdı.

Üçüncü siyasi səbəb isə iqtidar partiyası və bu ittifaqın bələdiyyə  seçkilərində, xüsusilə İstanbul, Ankara kimi böyük şəhərlərdə AKP nin uduza biləcəyi haqqında təhlillər yayımlanırdı. Bununla bağlı ehtimallar yüksək idi. Prezient seçkilərinin qabağa alınması iqtidarın bələdiyyə və parlament seçkilərində ki məğlubiyyətinin qarşısını alır. Düşünün ki, böyük bir savaşa hazırlaşırsan, O savaş başlamadan öncə kiçik bir savaşda uduzursan. Bu sənin və ətrafindakı kütlənin əhval-ruhiyyəsinin pozulmasına səbəb ola bilər və "görən nə olacaq?” deyən adamlar uduzanın yanında  yer almaq istəməyəcəklər. 

Erkən seçimlərin məqsədlərindən biri də müxalifətin özünü toplamasına imkan verməməkdir. AKP seçkilərdə həmişə məğlub etdiyi "pəhləvanla” - CHP ilə "Cümhuriyyət Xalq Partiyası) "güləşmək”istəyir. Bu halda udmaq şansı daha çoxdur. AKP ana müxalifət kimi CHP-ni mərkəzə qoyub. Çünki AKP-nin səslərinin CHP-yə getmsi sanşı İYİ Partiyasına getməsindın daha zəifdir. CHP-nin imkanları daha zəifdir, hətta Kılıcdaroğlunun seçilməsi ehtimalı daha da zəyidir.

Çox diqqətçəkən başqa bir amil isə  AKP-nin Meral Akşeneri qəti şəkildə diqqətə almamasıdır. Ərdoğanın ağzından Meral Akşenerlə bağlı bir kəlmə də çıxmayıb. Bu da "muhattap olmamaqdır”. Bunu edilməsini isə MHP-dən gözləyir. Yəni Akşenerin görməzdən gəlinməsi bir seçim strategiyasıdır.

- CHP-nin bu seçkilərdə hansı aqibət gözləyir?

- Mən CHP-nin məğlubiyyət olacağını düşünürəm: təşkilatlanma şəkli iqtidarla müqayisədə çox zəifdir, seçici kütləsi daha azdır. Bu seçkilərdən sonra CHP-də ciddi dəyəşiklik ola bilər. Çünki mən CHP-nin bu seçkidən istədiyini ala biləcəyini düşünmürəm.

- Seçkilərdə İyi Partiyasının mövqeyi necə olacaq?

- İYİ Partiyasına müəyyən ümidlər bəslənilir. Ciddi kadr  patensialı var - Maral Akşener liderliyindədir. Ancaq İYİ Partiyasının da özünə görə sıxıntıları var: yeni partiyadır, təşkilatlama hələ tam formalaşmayıb, özünü təbliğ etmə baxımından da yetərli zamanı olmadığı düşünülür. Bütün bu məqamları İYİ Partiyası üçün müsbət və ya mənfi kimi kimi qeyd etmək olar...

- İYİ Partiyası surpriz edə bilərmi?

- Açığı İYİ Partiyası sürpriz etmək niyyətindədir. Məqsədi prezident seçkilərini ikinci tura aparmaq, müxalif partiyalardan səslər almaqla seçkiləri qazanmaqdır. Ümumiyyətlə bu seçkilərdə çox seçicinin səsini almaq niyyətindədir və buna uyğunsa strategiyası var. Əslində, bu, digər partiyalar üçün də keçərlidir. Bunu partiyanın simalarında da görmək mümkündür: mühafizəkar, dindar, milliyyətçi, Atatürkçü, kürdçü... Bütün kütlələri əhatə edəcək komanda qurmağa çalışır. Amma İYİ Partiyanın necə olacağını demək çətindir. Barajı keçə biləcəkmi, bax bu, vacib sualdır. Bir də Səadət Partiyası ilə ittifaqa girmək məsələsi var. Bundan başqa, İYİ Partiyasının seçkilərdə iştirak edib-etməyəcəyi də müzakirə edilir. Çünki quruluşundan  hələ 6 ay keçməyib. Müəyyən analitiklər hesab edirlər ki, bu səbəblərdən İYİ Partiyası seçkilərdə iştirak edə bilməyəcək. Ancaq mən belə düşünmürəm. İYİ Partiyası Akşenerin namizədliyini irəli sürə biləcək. Çünki 100 min imza toplayaraq müraciət etmək mümkündür. Meral Akşener də müraciət edəcəyini əvvəlcədən bildirib. Ancaq 2-ci tura qala bilərmi, qalacaqmı - bunu ancaq onümüzdəki dönəmdə demək olar. Əgər CHP Kılıncdaroğlunu namizəd göstərsə, Maral Akşenerin 2-ci tura qalma ehtimalı böyüyər. Ancaq başqa namizəd göstərilərsə, İYİ Partiyasının 2-ci tura qalma ehtimalı da azalır.

- Kimlər ola bilər?

- Hazırda partiyalar da kimi seçəcəklərini qərarlaşdırmayıblar—müxtəlif adlar səslənir. Real olaraq kimin namizəd ola biləcəyini demək çətindir. Adları çəkilən şəxslər prezident namizədimi olacaq, yoxsa vitse-prezidentlik komandasındamı olacaq, demək çətindir. Abdullah Gülün də adı çəkilir. Hazırda iki şəxsin adı hallanır:  

1. Meral Akşener
2. Birbaşa elan etməsə də, Rəcəb Tayyib Ərdoğan.

Yerdə qalan İlkər Başbuğ, Abdullah Gül, CHP-dən Məhəmməd İncə və bir bələdiyyə başqanının prezidentliyə namizəd ola biləcəyi düşünülür. Hətta Səadət Partiyası da başqa namizəd irəli sürə bilər. Dəqiqdir ki, HDP də öz namizədini irəli sürə biləcək. Çünki əvvəlki seçkilərdə 6-12 arası səs toplamışdı.

- İYİ Partiyası ilə CHP-in ittifaqı mümkündürmü?

- Mən bu seçkidə onların ittifaq olacağını düşünmürəm. Bu ittifaq İYİ Partiyasının zərərinə ola bilər. Çünki İYİ Partiyası ayrılıqda həm AKP, həm MHP, həm də CHP-dən səs ala bilər. Ancaq CHP ilə ittifaq qurarsa, digər paryiyalardan ala biləcəyi səsləri itirə bilər. İYİ Partiyasının məqsədi mühafizəkarlardan səs almaqdır. Bunun da böyük hissəsini AKP-dən alacağı düşünülür.

- İqtidar olmaq şansı hansı partiyada daha çoxdur?

- Düşünürəm ki,seçkilərə ən hazır partiya AKP-dir: həm təcrübəsi həm də təşkilatlanması baxımından. Nəticədə 15 ildir ki, seçkilərdə qazanan bir partiyadan bəhs edirik. Həm də iqtidar partiyasının əlində dövətin imkanları var.

- Türkiyədə keçiriləcək seçkilərin nəticələri bu ölkənin Azərbaycanla münasibətinə fərqli təsiri ola bilərmi?

- Əvvəla, iqtidara yeni bir partiyanın gələ biləcəyini demək çətindir. Belə ki, hələ də ən güclü namizədi olan partiya AKP—iqtidar partiyasıdır. Amma xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan-Türkiyə münasibətləri güclü inkişaf edib. Bu münasibət iqtidarlararası münasibət deyil, dövlətlərarası, xalqlararası münasibətdir. İstər Azərbaycanda, istərsə də Türkiyədə iqtidarda kimin olmasından asılı olmayaraq, bu münasibət heç vaxt dəyişməyəcək.

Əminə Məmmədova
Toplum.Tv