15:34, 14 Aprel 2018 (Şənbə) 190

ABŞ Suriyada hərbi əməliyyatlara başladı

ABŞ Suriyada hərbi əməliyyatlara başladı


/ DÜNYA
ABŞ Fransa və İngiltərə ilə Suriyaya qarşı hərbi əməliyyatlara başlayıb. 

Bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə verdiyi açıqlamada bildirib.

O deyib ki, Amerikan ordusuna Suriyadakı kimyəvi silah bazalarını vurmaqla bağlı əmr verib.

Tramp bildirib ki, bu əməliyyat kimyəvi silahların istehsalı, yayılması və istifadəsinə qarşı mane olacaq. 

"Hazırda Bəşər Əsədin potensial kimyəvi silahları ilə əlaqəli obyektlərə yüksək dəqiqlikli zərbələr endirilir. Hərbi əməliyyatlar Böyük Britaniya və Fransa Silahlı Qüvvələri ilə birgə həyata keçirilir”, - deyə o əlavə edib.

ABŞ, İngilis və Fransız qüvvələri əsasən ölkənin paytaxtındakı bazaları hədəfə alıb. Hücumda "Tomahawk" raketləri və İngiltərəyə aid "Tornado" döyüş təyyarələrindən istifadə edilir.

"Güc tətbiq etməkdən başqa alternativ yox idi”

Böyük Britaniyanın baş naziri Tereza Mey İngiltərənin hücuma dəstəyini belə ifadə edib: "Güc tətbiq etməkdən başqa alternativ yox idi”. 

Tereza Mey bu əməliyyatın Suriyadakı rejim dəyişikliyi ilə əlaqəsi olmadığını da söyləyib.

"Suriya 103 raketdən 71-ni vurub”

Toplum Tv TASS-a istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş operativ idarəsinin rəisi, general-polkovnik Sergey Rudkoy da hərbi müdaxiləyə münasibət bildirib.

O deyib ki, hava hücumunda istifadə edilmiş 103 raketdən 71-ni Suriya hava hücumundan müdafiə qüvvələri vurub. 

Rudskoy bildirib ki, ABŞ və müttəfiqləri tərəfindən Suriyaya qarşı endirilən zərbələr bu ölkənin beynəlxalq terrorizmə qarşı uğuruna qarşıdır. 

Səyyarə Məmmədova