12:15, 14 May 2018 (Bazar ertəsi) 58

ABŞ Qüdsdə səfirliyini açır

ABŞ Qüdsdə səfirliyini açır
Bu gün, mayın 14-də ABŞ-ın İsraildəki səfirliyi Tel-Aviv şəhərindən Qüds (Yerusəlim) şəhərinə köçürülür.

Türkiyənin NTV telekanalının məlumatına görə, bu gün saat 17.00-da səfirliyin rəsmi açılış mərasimi keçiriləcək.

ABŞ prezidenti Donald Tramp mərasim iştirakçılarına vidiekonfrans vasitəsilə müraciət edəcək. Tədbirdə iştirak edən ABŞ nümayəndə heyətinə D. Trampın qızı İvanka, kürəkəni Jared Kuşner, maliyyə naziri Stiven Mnuçin daxildir.

ABŞ nümayəndə heyəti açılış mərasimindən əvvəl İsrail Xarici İşlər Nazirliyində keçirilən tədbirdə iştirak edib. Tədbirdə çıxış edən İsrail baş naziri Binyamin Netanyahu prezident Trampın ABŞ səfirliyini Tel-Avivdən Qüdsə (Yerusəlim) köçürmək barədə qərarını tərifləyib və bunun "cəsur bir qərar” olduğunu bildirib

Bu gün fələstinlilərin böyük etiraz aksiyası keçirəcəyi gözlənilir. Fələstinlilər Şərqi Qüdsü müstəqil Fələstin dövlətinin gələcək paytaxtı sayırlar.