11:30, 29 Mart 2018 (Cümə axşamı) 58

ABŞ neft hasilatının həcmi rekord həddə çatıb

ABŞ neft hasilatının həcmi rekord həddə çatıb


/ DÜNYA
ABŞ-da martın 17-dən 23-na qədər olan müddətdə gündəlik neft hasilatının və neft ehtiyatlarının həcmi artıb. Bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin (EİA) həftəlik hesabatında bildirilir.

Belə ki, hesabat həftəsində ABŞ-da neft hasilatının gündəlik həcmi 26 min barel və yaxud 0,25% artaraq 10,43 mln. barel təşkil edib. Ölkənin neft ehtiyatlarının həcmi isə 1,643 mln. barel və yaxud 0,4% artaraq 429,9 mln. barelə çatıb. Analitiklər ehtiyatların 0,85 mln. barel artacağını proqnozlaşdırırdılar.

Xatırladaq ki, neft ehtiyatları bundan əvvəlki həftə 2,6 mln. barel azalma göstərib. Bununla da ABŞ neft hasilatı son 11 həftə ərzində 10 dəfə artıb.

ABŞ-ın benzin ehtiyatlarında azalma müşahidə olunub. Analitiklər sözügedən göstəricinin 2 mln. barel azalacağını ehtimal etsələr də, ehtiyatlar 3,5 mln. barel və yaxud 1,4% azalaraq 239,6 mln. barelə geriləyib. Bundan əvvəlki həftə ərzində isə benzin ehtiyatları 1,7 mln. barel azalmışdı.
 
Xəbər dünya bazarında neftin ucuzlaşmasına səbəb olub. Əmtəə birjalarında "Brent" markalı neftin qiyməti 65 dollar/barel səviyyəsində sabitləşib. Qlobal iqtisadi artımın sürətlənməsi fonunda dünya bazarında neftin qiyməti yüksək səviyyədə qalmaqda davam edəcək. Bu ilin II rübündə "Brent" markalı neftin qiymətinin 55-73 dollar/barel arasında dəyişəcəyi gözlənilir.

Report