16:50, 17 May 2018 (Cümə axşamı) 118

"Abbasa qarşı təxribat hazırlanır" - Anası

«Abbasa qarşı işgəncələri dayandırıblar, amma yenə əl çəkmirlər. Ona hansısa formada təxribat hazırlanır. Onu təxribata çəkib, ya haqqında yenidən iş açmaq, ya da özünə xəsarət yetirmək, ya da öldürmək istəyirlər...», – «Nardaran məhbusu» Abbas Hüseynovun anası Rəhimə Hüseynova AzadlıqRadiosuna bildirib.

R.Hüseynovanın sözlərinə görə, oğlu mayın 17-də evlə telefonla əlaqə saxlayarkən deyib ki, Qobustan həbsxanasında saxlandığı kameraya gəlib, onu təhqir edirlər: «Sonuncu dəfə hətta Abbasın mərhum atasını da təhqir ediblər. Kamerada olan Quran kitabını cırıblar. Açıq-aşkar təxribata çəkmək istəyirlər».

R.Hüseynova deyir ki, oğlunun həyatı təhlükədədir və bununla əlaqədar prezident İlham Əliyevə müraciət edib. Ana müraciətində prezidentdən oğlunun təhlükəsizliyinə təminat istəyib: «Cənab prezident, necə olur, Siz prezident seçiləndən sonra Qurana əl basır, ölkənin bütün vətəndaşlarına xidmət edəcəyinizə and içirsiz, amma dövlətin qanunlarına əməl etməli olan şəxslər Quranı cırır?».

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən isə AzadlıqRadiosuna bildirilib ki, A.Hüseynovun Qobustan həbsxanasında daim təzyiq altında saxlanması barədə iddialar həqiqətəuyğun deyil.

A.Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub və 20 il azadlıqdan məhrum edilib. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. A.Hüseynov birinci qrupda «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.