11:00, 12 Fevral 2018 (Bazar ertəsi) 238

71 nəfərin öldüyü təyyarə qəzasının axtarış işləri davam edir

71 nəfərin öldüyü təyyarə qəzasının axtarış işləri davam edir


/ DÜNYA
Moskva kənarında 71 nəfərin ölümüylə nəticələnmiş təyyarə qəzasından sonra axtarış işləri hələ bir həftə çəkə bilər. Bunu Rusiya rəsmiləri bildirir.

"Hadisə yerində fasiləsiz iş gedir”, – fövqəladə hallar naziri Vladimir Puçkov fevralın 12-də jurnalistlərə deyib.

Nazirlik fevralın 11-də axşam yalnız iki cəsədin aşkarlandığını bildirirdi. Qəza yerinə 400 xilasedicinin göndərildiyi xəbər verilir.

Qara qutulardan birinin tapıldığı qeyd olunsa da, onun məlumatın özü, yaxud səs rekorderinin olub-olmadığı bəlli deyil.

Puçkov axtarış əməliyyatının çətinliyini "qalıqların böyük əraziyə səpələnməsi, güclü qar və mürəkkəb relyef”lə izah edib.

Saratov Hava Yollarına məxsus Antonov An-148 təyyarəsi fevralın 11-də havaya qalxandan az sonra radardan itib. Moskvanın Domodedovo aeroportundan qalxan təyyarə Orska uçurmuş.

Təyyarədəki 65 sərnişin və altı heyət üzvünün həlak olduğu bildirilir.

Prezident Vladimir Putin-in sözçüsü Dmitri Peskov ölkə başçısının "qurbanların ailələrinə dərin başsağlığı dilədiyini” çatdırıb.

Putin fevralın 12-də Soçiyə planlaşdırdığı səfərini ertələyib və təhqiqatı yaxından izləməkdən ötrü Moskvada qalıb.

Ağ ev də qəza qurbanlarının ailələrinə başsağlığı verib.

Hava yollarının sözçüsü Yelena Voronova 51 yaşlı pilot Valeri I. Qubanov-un 5 min saatlıq uçuş təcrübəsi olduğunu, digər pilot Sergei Gambarian-ın da təcrübəli olduğunu söyləyib.

"Heyət təcrübəli, təyyarə etibarlı idi”, – o, ABŞ-ın ABC televiziya şəbəkəsinə deyib.

Təyyarənin qalıqları aeroportun 40 kilometrliyində, Ramenskoye rayonunda tapılıb.

Uçuşları izləyən Flightradar24 saytı Twitter-də yazıb ki, təyyarə havaya qalxandan 5 dəqiqə sonra, dəqiqədə 1000 metr sürətlə düşüb.